2014-09-18
Nazir Elmar Məmmədyarov Polşanın xarici işlər nazirinin müavini ilə görüşmüşdür

2014-cü ilin 18 sentyabr tarixində nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasında səfərdə olan Polşanın xarici işlər nazirinin müavini Tomaş Orlovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Görüşdə iki ölkə arasında əlaqələrin mövcud inkişaf səviyyəsindən məmnunluq ifadə olunmuşdur.

Tomaş Orlovski Polşa tərəfindən Azərbaycanın Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizliyin təmin olunmasında rolunun yüksək qiymətləndirildiyini qeyd etmişdir. O, beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün NATO əməliyyatlarına verdiyi töhfələrinə görə də Azərbaycana təşəkkürünü ifadə etmişdir.

Nazir Elmar Məmmədyarov Azərbaycanın enerji və infrastruktur layihələri və qarşılıqlı faydalı əməkdaşlıq şəbəkəsi vasitəsilə region və onun hüdudlarından kənarda sabitliyə töhfə verdiyini deyərək, 20 sentyabr tarixində “Əsrin müqaviləsi”nin iyirmi illiyinin qeyd olunacağını və bu çərçivədə Bakıda Cənub Qaz dəhlizinin genişləndirilməsi və Trans-Anadolu layihəsinin təməlqoyma mərasiminin keçiriləcəyini bildirmişdir.

Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişənin regiona üçün əsas təhlükə mənbəyi olduğunu qeyd edərək, ATƏT Minsk qrupunun həmsədr ölkələri tərəfindən müxtəlif səviyyələrdə bəyan edildiyi kimi mövcud status-kvonun qəbuledilməzliyini vurğulamışdır. Nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistanın silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu diqqətə çatdırmışdır.

Avropa İttifaqı ilə əlaqələrə dair aparılan müzakirələr əsnasında Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığın dövlətlərin imkanları və fərqli maraqları nəzərə alınaraq, inkişaf etdirilməsinin vacibliyi vurğulanmışdır.

Nazir Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində strateji tərəfdaşlığa malik olduğunu qeyd edərək, ölkəmizin digər sahələrdə də Avropa İttifaqı ilə strateji tərəfdaşlıq münasibətləri qurmaq niyyətini ifadə etmişdir.

Görüşdə regional proseslər və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

növbəti xəbər əvvəlki xəbər