2014-07-08
Nazir Elmar Məmmədyarov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsini qəbul etmişdir

Cari ilin 8 iyul tarixində nazir Elmar Məmmədyarov NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apparturayı qəbul etmişdir.

Nazir Elmar Məmmədyarov Azərbaycanın NATO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verdiyi qeyd edərək, ölkəmizin Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı və Planlaşdırma və Analiz Prosesi kimi NATO-nun tərəfdaşlıq mexanizmlərində fəal şəkildə iştirak etdiyini bildirmişdir. O əlavə etmişdir ki, NATO ilə əməkdaşlıq Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin islahatı prosesinə və orduda müasir standartların tətbiqinə öz töhfəsini vermişdir.

Ceyms Apparturay fəal tərəfdaş dövlət kimi Azərbaycanın NATO-nun Əfqanıstanda keçirilən əməliyyatına və beynəlxalq təhlükəsizliyə töhfəsinin Alyans tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır. NATO nümayəndəsi bildirmişdir ki, təmsil etdiyi təşkilat Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır.

Görüşdə Azərbaycan ilə NATO arasında tərəfdaşlığın gələcək inkişaf perspektivləri və NATO-nun qarşıdan gələn Uels zirvə toplantısının gündəliyində duran aktual məsələlər üzrə fikir mübadiləsi aparılmışdır. 

növbəti xəbər əvvəlki xəbər