2014-07-01
Nazir Elmar Məmmədyarov ÇXR-in Dövlət Şurasının üzvü Yan Tszeçi ilə görüşmüşdür

Cari ilin 1 iyul tarixində nazir Elmar Məmmədyarov Çin Xalq Respublikasına rəsmi səfəri çərçivəsində ÇXR-in Dövlət Şurasının üzvü Yan Tszeçi ilə görüşmüşdür.

Yan Tszeçi bu ilin may ayında Şanxayda keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Zirvə Toplantısında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və ÇXR-in Sədri Si Cinp arasında olan uğurlu görüşü xatırladığını deyərək, Azərbaycanın Çinin etibarlı dostu olduğunu bildirmiş və iki ölkənin xarici işlər nazirlərinin bugünkü görüşünü əhəmiyyətli adlandırmışdır.

Nazir Elmar Məmmədyarov ölkələrimiz arasında olan əməkdaşlığın mövcud inkişaf səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, iqtisadi-ticarət əməkdaşlığı üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin və birgə səylərlə iqtisadi əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini bildirmişdir.  

Nazir Elmar Məmmədyarov Azərbaycan Respublikasının bütün ölkələrlə münasibətlərində dostluq, qarşılıqlı hörmət, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət prinsiplərindən çıxış etdiyini deyərək, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra olunmasına dair Azərbaycan və Çinin mövqelərinin eyni olduğunu diqqətə çatdırmışdır.

Yan Tszeçi ölkələrimiz arasında münasibətlərin etimad əsasında qurulduğunu və dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət daxil olmaqla, bir çox məsələlər üzrə ölkələrimiz mövqelərinin üst-üstə düşdüyünü bildirmişdir. O, ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində səylərin artırılmasının və işgüzar dairələr arasında əlaqələrin fəallaşdırılmasının zərurətini vurğulamışdır.

Görüş əsnasında qarşılıqlı maraq doğuran beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparılmışdır.

  

növbəti xəbər əvvəlki xəbər