2013-12-28
Azərbaycanın Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı Daimi nümayəndəsi Murad Nəcəfbəyli “Diva International” jurnalına müsahibə vermişdir

Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanındakı Daimi nümayəndəsi, səfir Murad Nəcəfbəyli İsveçrənin ən nüfuzlu dərgilərindən biri olan “Diva International” jurnalına müsahibə vermişdir.

Murad Nəcəfbəyli müsahibəsində müstəqilliyimizin bərpa edilməsindən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Prezidentliyi dövründə ölkəmizin siyasi, iqtisadi-sosial, diplomatik və mədəni sahələrdə əldə etdiyi uğur və nailiyyətlər haqqında məlumat vermiş, Daimi Nümayəndəliyin fəaliyyət istiqamətləri haqqında ətraflı danışmışdır.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artmaqda olduğuna diqqəti yönəldən səfir Murad Nəcəfbəyli, bu xüsusda, TAP və TANAP enerji layihələrinin önəmindən bəhs etmişdir.

Beynəlxalq müstəvidə ölkəmizin donor ölkə qismində əhəmiyyətinin artmaqda olduğunu vurğulayanMurad Nəcəfbəyli, bu xüsusda, Hökumətimizin fəaliyyət istiqamətləri və tədbirləri haqqında məlumat vermişdir.

Cənubi Qafqazın gələcəyi ilə bağlı “Diva International” dərgisinin sualını cavablandıran səfir Murad Nəcəfbəyli, ölkəmizin ərazilərinin Ermənistan tərəfindən işğal olunması və 1 milyona yaxın azərbaycanlı əhalinin doğma yurdlarından didərgin salındığını bildirmişdir. Səfir Murad Nəcəfbəyli regionda davamlı sülh və təhlükəsizliyin təminatı üçün Ermənistanın Azərbaycan ərazilərinin işğalına son qoyması və azərbaycanlı məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmasının vacibliyini qeyd etmişdir.

Müsahibənin linki: http://divainternational.ch/spip.php?article952

növbəti xəbər əvvəlki xəbər