2013-12-17
Hanoy şəhərində Azərbaycanın Vyetnamdakı Səfirliyinin rəsmi açılış mərasimi keçirilmişdir
16 dekabr 2013-cü il tarixində Hanoy şəhərində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı Səfirliyinin rəsmi açılış mərasimi keçirilmişdir.
 
Tədbirdə Vyetnam xarici işlər nazirliyinin və Vyetnam Kommunist Partiyasının rəsmiləri, Milli Assambleyanın, digər dövlət və hökumət qurumlarının üzvləri, Hanoy şəhərində akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Sovet İttifaqı dönəmində Azərbaycanın ali təhsil ocaqlarının məzunları, Vyetnamda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının və KİV nümayəndələri iştirak etmişlər.
 
Tədbirdə hər iki ölkənin milli himnləri səsləndirilmişdir. Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov və Vyetnam dövləti adından xarici işlər nazirinin müavini Bui Thanh Son çıxış etmişlər.
 
Səfir Anar İmanov qonaqları salamlamış və Azərbaycanın özündə Qərb və Şərq dəyərlərini birləşdirən ölkə olduğunu və müxtəliflik və tolerantlıq nümunəsi olduğunu vurğulamışdır. Həmçinin səfir ölkəmizdə bütün sahələrdə, o cümlədən hüquqi, iqtisadi, sosial, elm, tədris və digər sahələrdə müşahidə olunan inkişafdan, həyata keçirilən demokratik islahatlardan, iri enerji və nəqliyyat layihələrindən bəhs etmişdir. Ölkəmizin digər dövlətlərlə dostluq və sıx əlaqələr qurmağa böyük önəm verdiyini qeyd edən səfir Anar İmanov, Azərbaycan və Vyetnam arasında mövcud əməkdaşlığı buna misal göstərmişdir. 
 
O, Azərbaycan-Vyetnam əlaqələrinin tarixindən bəhs edərək, çətin anlarda xalqımızın vyetnamlı dostlarına dayaq olduğunu və dəstək verdiyini, Vyetnam iqtisadiyyatının müxtəlif sahələrinin, xüsusilə neft sektorunun inkişaf etdirilməsində azərbaycanlı mütəxəssislərin öz bilik və təcrübələrini vyetnamlı həmkarları ilə bölüşdüklərini, vaxtı ilə çoxsaylı vyetnamlı tələbələrin ölkəmizin ali təhsil ocaqlarını bitirdiklərini söyləmiş, bu tarixi dostluq əlaqələrinin bərpası, həmçinin siyasi, iqtisadi, turizm, mədəniyyət, elm sahələri də daxil olmaqla bütün istiqamətlərdə uzunmüddətli əməkdaşlığın inkişafı üçün geniş imkanlar olduğunu vurğulamışdır.
 
Səfir çıxışının sonunda Azərbaycan Səfirliyinin hərtərəfli fəaliyyətinə göstərilən dəstəyə görə Vyetnam dövləti, hökuməti və XİN-ə, ö cümlədən müxtəlif struktur və təşkilatlarının nümayəndələrinə minnətdarlığını ifadə etmişdir.
 
Tədbirdə Vyetnam dövləti adından çıxış edən xarici işlər nazirinin müavini Bui Thanh Son Hanoy şəhərində Azərbaycan Səfirliyinin fəaliyyətə başlamasını hər iki ölkə üçün əlamətdar hadisə kimi dəyərləndirmişdir. Azərbaycan və Vyetnam arasında ənənəvi dostluq əlaqələrinin əsasının 23 iyul 1959-cu il tarixində Vyetnam prezidenti Ho Şi Minin Azərbaycana və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə qoyulduğunu, bu dövr ərzində çoxlu sayda Vyetnamlı tələbələrin Azərbaycan universitetlərini bitirdiklərini, hazırda onların əksəriyyətinin Vyetnamın dövlət sektorunda və iri şirkətlərində çalışdıqlarını, iki ölkə və xalq arasında dostluq körpüsü rolunu oynadıqlarını bildirmişdir. 
 
O, iki ölkə arasında əlaqələrin səmərəli inkişafını qeyd edərək, ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli imkanların olduğunu, hər iki ölkənin iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsində, sərmayə qoyuluşunda və xalqlar arasında təmasların səmərəliliyinin artırılmasında maraqlı olduqlarını qeyd etmişdir.
 
Sonra tədbir Vyetnam Dövlət Simfonik Orkestrinin üzvlərinin ifasında  Azərbaycan, Vyetnam və dünya bəstəkarlarının klassik musiqi əsərlərindən ibarət konsert proqramı  ilə davam etmişdir.
 
  
  
  
  
  
 
növbəti xəbər əvvəlki xəbər