2013-12-13
Hanoy şəhərində “Azərbaycan və Vyetnam xalqları arasında dostluq əlaqələrinə tarixi yanaşma” mövzusunda konfrans və fotosərgi keçirilmişdir
12 dekabr 2013-cü il tarixində Hanoy şəhərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cü ildönümü və Ulu Öndərin Vyetnam Sosialist Respublikasına səfərinin 30-cu ildönümünə həsr olunmuş “Azərbaycan və Vyetnam xalqları arasında dostluq əlaqələrinə tarixi yanaşma” mövzusunda konfrans və fotosərgi keçirilmişdir.
 
Tədbirdə Vyetnam xarici işlər nazirliyinin rəsmiləri, Vyetnam kommunist partiyasının yüksək rütbəli nümayəndələri, digər dövlət və hökumət qurumlarının üzvləri, Sovet İttifaqı dönəmində Azərbaycanın ali təhsil müəssisələrinin məzunları, Vyetnamda fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.
 
Səfir Anar İmanov çıxış edərək, görkəmli siyasi xadim Heydər Əliyevin həyatı, fəaliyyəti, onun Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərin aradan qaldırılması istiqamətindəki xilaskar rolundan, müstəqilliyimizin möhkəmlənməsində, o cümlədən ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunda və sabitliyin bərqərar olunmasında əvəzsiz xidmətlərindən bəhs etmiş, xalqımızın ümummilli lideri Heydər Əliyevin əziz xatirəsinə göstərdikləri dərin hörmət və ehtirama görə tədbir iştirakçılarına minnətdarlığını bildirmişdir.
 
Vyetnam kommunist partiyasının xarici işlər komissiyasının direktorunun müavini Vuong Thua Phong çıxış edərək, 1983-cü ildə Heydər Əliyevin Vyetnama səfəri çərçivəsində Hanoyda sovet və vyetnamlı mütəxəssislərin birgə inşa etdikləri körpünü açmasından bəhs etmişdir.
 
Vyetnam-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Tran Dinh Nha, Vyetnam Parlamentinin İqtisadiyyat Komitəsinin sədr müavini Nguyen Van Phuc və Vyetnam Ədliyyə Akademiyasının baş direktoru Nguyen Thai Phuc Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1983-cü ildə Vyetnama səfəri ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşmüşlər. Natiqlər Heydər Əliyevin çox təcrübəli, zəngin dünyagörüşünə və yüksək yumor hissinə malik bir insan kimi hafizələrində qaldığını qeyd etmişlər.
 
Tədbir çərçivəsində Azərbaycan və Vyetnam arasında əlaqələrin perspektivləri və qarşılıqlı əməkdaşlığın inkişafı istiqamətində atılması zəruri olan addımlara dair müzakirələr və fikir mübadiləsi aparılmışdır. 

Sonda tədbir iştirakçıları Ulu Öndərin 1983-cü ildə Vyetnama səfərini əks etdirən fotosərgi ilə tanış olmuşlar. 

  

   

 

  

 

 

növbəti xəbər əvvəlki xəbər