2013-12-13
Qvineyanın paytaxtı Konakri şəhərində İƏT Xarici işlər nazirləri şurasının 40-cı sessiyası keçirilmişdir
9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici işlər nazirləri şurasının “Sivilizasiyalararası dialoq: sülh və davamlı inkişaf amili” adı altında 40-cı sessiyası keçirilmişdir. 
 
İclasda Azərbaycan Respublikasını Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil etmişdir. 
 
Tədbirdə nazir Elmar Məmmədyarov çıxış edərək, diqqəti Azərbaycanın sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfəsi, İƏT ölkələri və üzv dövlətlər ilə əməkdaşlığın inkişafı məsələlərinə və Ermənistanın Azərbaycana təcavüzü və onun doğurduğu ağır fəsadlara çəkmişdir.  
 
İclasın nəticəsi olaraq, İƏT üzv ölkələrinin xarici işlər nazirlərinin şurası tərəfindən qəbul edilmiş yekun Konakri bəyanatında Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənilmiş və Ermənistan silahlı qüvvələrinin dərhal işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması tələb olunmuşdur. 
 
Yekun bəyanatda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təklifi əsasında Bakıda İƏT-in əmək məsələləri üzrə mərkəzinin yaradılması barəsində İƏT-in 2013-cü ilin 25-26 aprel tarixlərində Bakıda keçirilmiş iclasında İƏT əmək nazirlərinin konfransının qəbul etdiyi qərar və Azərbaycanın bu mərkəzə ev sahibliyi etməsi alqışlanmışdır. 
 
2014-cü ilin noyabrında İƏT üzv dövlətlərinin inkişafında qadınların roluna dair nazirlər konfransının 5-ci sessiyasının Azərbaycanda keçirilməsi barəsində qərar da yekun bəyanatda İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən təqdir olunmuşdur.
 
İƏT Xarici işlər nazirlərinin şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” və ”Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni izlərin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilmişdir. 
 
Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT xarici işlər nazirlərinin şurası tərəfindən qəbul olunan qətnamədə “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapmışdır.  Həmin bəndə əsasən İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün Kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılırlar. 
 
Xatırlatmaq istərdik ki, bu ilin 6-7 fevral tarixində Misirin paytaxtı Qahirə şəhərində keçirilmiş İƏT Zirvə toplantısında qəbul edilmiş Qahirə yekun kommunikesində İƏT üzv ölkələrinin dövlət və hökumət başçıları tərəfindən 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda mülki Azərbaycan əhalisinə qarşı törədilmiş soyqırım əməlləri insanlığa qarşı cinayət kimi qiymətləndirilmiş və insanlığa qarşı cinayət olan bu soyqırım əməlinin milli və beynəlxalq səviyyələrdə tanıdılması üçün səylərin artırılmasına dair çağırışlar edilmişdir.
növbəti xəbər əvvəlki xəbər