2013-12-11
Nazir Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan “OİC Journal” jurnalının son sayında müsahibəsi dərc edilmişdir

Nazir Elmar Məmmədyarovun İslam Əməkdaşlıq Təşkilatının (İƏT) rəsmi mətbuat orqanı olan “OİC Journal” jurnalının son sayında müsahibəsi dərc edilmişdir.

Sözügedən jurnal İƏT-in xarici işlər nazirlərinin şurasının 9-11 dekabr tarixlərində Qvineyada keçirilən 40 sessiyasında təqdim olunmuşdur.

Müsahibədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına (TŞ) seçilməsi və Azərbaycanın BMT TŞ-yə sədrliyi ilə əlaqədar sualı cavablandıraraq, nazir Elmar Məmmədyarov 155 dünya dövlətinin dəstəyi ilə BMT TŞ-yə seçilmiş Azərbaycanın qeyri-daimi üzv kimi əsas məqsədinin BMT-nin Nizamnaməsinə uyğun olaraq, ədalətin və beynəlxalq hüququn aliliyinin qorunması olduğunu vurğulamış və Azərbaycanın bu müddət ərzində iki dəfə BMT TŞ-yı sədrlik etdiyini bildirmişdir.

Nazir Elmar Məmmədyarov 2012-ci ilin may ayında keçirilmiş birinci sədrlik dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə terrorizmə qarşı mübarizə sahəsində BMT TŞ-nin yüksək səviyyəli iclasının keçirildiyini qeyd edərək, 2013-cü ilin oktyabr ayına təsadüf edən ikinci sədrlik dövründə isə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun xüsusi iclasının keçirildiyini xatırlatmışdır.

Azərbaycanın BMT TŞ-də fəaliyyəti və sədrliyi dövründə beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün qəbul edilmiş qətnamələr və sənədlər barəsində məlumat verən nazir Elmar Məmmədyarov, Azərbaycanın sədrliyi dövründə BMT TŞ-nin Afrikaya səfərini və Böyük Göllər regionu, Sudan-Cənubi Sudan münasibətləri, Somali, Mərkəzi Afrika Respublikası və Sahel bölgəsində vəziyyət ilə əlaqədar həyata keçirdiyi tədbirləri və səmərəli fəaliyyəti qeyd etmişdir.

Azərbaycanın İƏT çərçivəsində aktiv fəaliyyəti və dinlər və sivilizasiyalararası dialoqda oynadığı rolu barəsində sualın müqabilində nazir Elmar Məmmədyarov Azərbaycanın İslam sivilizasiyasının ayrılmaz bir hissəsi olduğunu və onun mütərəqqi irsini bölüşdüyünü və bu əsasda da İƏT ölkələri ilə əməkdaşlığın Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğunu vurğulamış və İƏT çərçivəsində Azərbaycan tərəfindən görülmüş işlər barəsində məlumat vermişdir.

Sivilizasiyalararası dialoq məsələsinə toxunan nazir Elmar Məmmədyarov sülh şəraitində birgə yanaşı yaşama və dözümlüyün Azərbaycan xalqının tarixən həyat tərzi olduğunu qeyd edərək, Azərbaycanın mədəniyyətlər və dinlərarası dialoq üzrə keçirilən dünya əhəmiyyətli tədbirlərə ev sahibliyi edən ölkəyə çevrildiyini vurğulamışdır.

Ermənistan-Azərbaycan münaqişəsi barəsində sualı cavablandıran nazir Elmar Məmmədyarov, Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğal edilməsi və işğal olunmuş ərazilərdə etnik, mədəni və dini əsasda dəhşətli “təmizləmə” siyasətinin yürüdülməsinin ən qəti şəkildə pislənilməsi üçün İƏT üzv dövlətlərinin qətiyyətli mövqe nümayiş etdirdiklərini və Ermənistan qoşunlarının dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş ərazilərdən çıxarılmasını tələb etdiklərini xatırladaraq, bu qətiyyətli mövqeyin bir daha İƏT ölkələrinin son Qahirə Zirvə toplantısının sənədlərində də öz əksini tapdığını bildirmiş və İƏT ölkələrinin bu mövqeyinin Azərbaycan tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır. O əlavə etmişdir ki, İƏT-in Qahirə zirvə toplantısının yekun sənədində dövlət və hökumət başçıları tərəfindən Xocalı hadisələri soyqırım aktı və insanlıq əleyhinə cinayət kimi qiymətləndirilmiş və üzv dövlətlər onun tanınmasına çağırılmışlar.

Nazir Elmar Məmmədyarov İƏT-in Baş katibi kimi vəzifə müddəti başa çatan Ekmələddin İhsanoğlunun fəaliyyətinin yüksək qiymətləndirildiyini qeyd etmiş və ona gələcək fəaliyyətində uğurlar arzulamış və Azərbaycanın yeni Baş katib İyad əl Mədəni ilə də eyni əzmlə birgə sıx əməkdaşlıq edəcəyinə əminliyini ifadə etmişdir.

növbəti xəbər əvvəlki xəbər