2013-12-05
Bakı şəhəri ilə Rio de Janeyro şəhərinin qardaşlaşması haqqında qanun qüvvəyə minmişdir
Azərbaycanın Braziliyadakı Səfirliyindən verilən məlumata əsasən, 6 noyabr 2013-cü il tarixində Rio de Janeyro şəhər şurasının (şəhər parlamenti) xarici əlaqələr komitəsi Bakı və Rio de Janeyro şəhərlərinin qardaşlaşması haqqında qanun layihəsini qəbul etmişdir. 
 
3 dekabr 2013-cü il tarixində Rio de Janeyro şəhərinin meri Eduardo Paes “Azərbaycanın paytaxtı Bakı şəhəri ilə Rio de Janeyro şəhərinin qardaşlaşması” qanununu imzalamış və adıçəkilən qanun 4 dekabr tarixindən qüvvəyə minmişdir.
 
Qanunda qeyd olunur ki, Azərbaycanın paytaxtı olan Bakı şəhərinin Rio de Janeyro şəhəri ilə oxşar xüsusiyyətləri mövcuddur. Bakı şəhərində mütəmadi olaraq mədəni tədbirlərin təşkili, buradakı dinamik həyat tərzi, zəngin tarix, əzəmətli arxitektura və idmana olan rəğbət müşahidə olunur. Həmçinin Rio de Janeyro kimi, Bakının da dünya mədəni irsinin mərkəzlərindən biri kimi tanındığını və hər il minlərlə turist qəbul etdiyi vurğulanır. 
 
Bildirilir ki, gələcək illərdə Bakı şəhəri mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün namizədliyini irəli sürmüşdür. Bu da öz növbəsində iki şəhər arasında dialoqun və təcrübə mübadiləsinin inkişafına təkan olacaqdır. 

Yaxın zamanda Rio de Janeyro şəhər şurası qardaşlaşma-şəhər diplomunu Azərbaycan tərəfinə təqdim edəcəkdir. 

növbəti xəbər əvvəlki xəbər