2013-12-04
Nazir Elmar Məmmədyarov Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə töhfə verən dövlətlərin xarici işlər nazirlərinin NATO-nun mənzil-qərargahında keçirilən görüşündə iştirak etmişdir
Nazir Elmar Məmmədyarov Əfqanıstanda Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinə (ISAF) töhfə verən dövlətlərin xarici işlər nazirlərinin 4 dekabr tarixində NATO-nun mənzil-qərargahında keçirilən görüşündə iştirak etmişdir. 
 
Xarici işlər nazirlərinin görüşündə aparılan müzakirələrin əsasını 2014-cü ildə başa çatacaq Beynəlxalq təhlükəsizliyə yardım qüvvələrinin əməliyyatından sonra NATO üzv və tərəfdaş ölkələrinin Əfqanıstandakı yeni missiyası, nəzarətin əfqan milli təhlükəsizlik qüvvələrinə keçməsi və Əfqanıstan milli ordusuna yardım ətrafında fikir mübadiləsi təşkil etmişdir.   
 
Nazir Elmar Məmmədyarov çıxış edərək, Azərbaycanın potensial əməliyyat tərəfdaşı qismində 2014-cü ildən sonra da Əfqanıstana qüvvə, təlim, tranzit və maliyyə formasında yardımlar göstərməyə hazır və qadir olduğunu bildirmişdir. Nazir Elmar Məmmədyarov Azərbaycanın Əfqanıstan ilə münasibətlərinin strateji və qardaşlıq xarakteri daşıdığını qeyd edərək, ikitərəfli əsasda da Azərbaycanın Əfqanıstana yardım və dəstəyini əsirgəmədiyini vurğulamışdır. 
 
Səfər çərçivəsində nazir Elmar Məmmədyarov ikitərəfli görüşlər keçirmişdir. 
növbəti xəbər əvvəlki xəbər