2013-12-03
Argentinanın “La Nacion” qəzetində “Azərbaycan – Qafqazın Avropası” adlı məqalə dərc olunmuşdur
Üçüncü Bakı Beynəxalq Forumunda iştirak etmək üçün Azərbaycanda səfərdə olmuş “GF-Communications” media şirkətinin direktoru Diego Velazquezin Latın Amerikasında geniş oxucu kütləsinə malik Argentinanın nüfuzlu “La Nacion” qəzetində “Azərbaycan – Qafqazın Avropası” adlı yazısı dərc olunmuşdur.
 
Səfərinin təəssüratları ilə bölüşən müəllif sürətlə inkişaf edən iqtisadiyyata malik Azərbaycanın 2005-ci ildən etibarən dünya üzrə ən yüksək inkişaf göstəricisi əldə etdiyini bildirir. Bakının heyrətamiz arxitekturaya malik olduğu,  şəhərin qədimiliklə müasirliyin təzadını özündə əks etdirdiyini, gecə vaxtı mükəmməl işıqlandırmanın şəhərin mədəni irsinin daha da gözəlləşdirdiyini qeyd edir. Müəllif Bakının qədim tarixi abidələri, zəngin sosial-mədəni həyatı, çoxmədəniyyətli xüsusiyyəti, habelə Azərbaycanın rəngarəng mətbəxi haqda danışır.
 
“Əhalinin rifahı olduqca yüksək səviyyədə olduğundan ölkəni Qafqazın Avropası adlandırırlar”, deyən müəllif vacib məqamlardan birinin də ölkənin təhlükəsiz olduğunu diqqətə çatdırır.
 
Səfər vaxtı Naxçıvana da getdiyini, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin burada doğulduğunu bildirən müəllif, Naxçıvanın füsunkar mənzərəsi, müalicə mərkəzi olaraq dünyada əvəzi olmayan Duzdağ mağarası, Möminə Xatun türbəsi və digər dəyərli mədəni irs nümunələrindən bəhs edir, ölkədəki hər bir abidənin tarixin müxtəlif mərhələlərində Azərbaycanın iştirak etdiyi geosiyasi mübarizələr haqda öyrənməyə imkan verdiyini qeyd edir. 
 
“Ölkə əhalisinin, ələxsus gənc nəsilin böyük dövlət olmaq uğrundakı fəaliyyəti və qətiyyəti xüsusilə qeyd olunmalıdır. Burada bütün işlərin mümkün olan ən yaxşı şəkildə həyata keçirilməsi üçün müstəsna diqqət və çalışqanlıq göstərilir. Səmimi şəkildə deyə bilərəm ki, Azərbaycanla, bu Odlar Yurdu ilə tanış olmaq son dərəcə gözəldir”, deyə müəllif yazısını tamamlayır.
 
Məqalənin tam mətni ilə buradan tanış ola bilərsiniz
 
http://www.azembassy.org.ar/az/noticias/noticias/20131203124259577.html
 
 

 

növbəti xəbər əvvəlki xəbər