2013-11-21
Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə Litva Seyminin yeni sədri ilə görüşmüşdür
Azərbaycan Respublikasının Litvadakı Səfirliyindən verilən məlumata əsasən, cari ilin 21 noyabr tarixində səfir Həsən Məmmədzadənin Litva Respublikası Seyminin (Parlamentin) yeni sədri xanım Loreta Qraujinenen ilə görüşü keçirilmişdir.
 
Görüş zamanı Azərbaycan və Litva arasında ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, regional və beynəlxalq təşkilatlarda əməkdaşlıq  məsələləri müzakirə olunmuşdur. 
 
Səfir Həsən Məmmədzadə ilk öncə xanım Loreta Qraujineneni Litva Seyminin sədri seçilməsi münasibətilə təbrik edərək, Azərbaycan və Litva arasında parlamentlərarası əlaqələrin səviyyəsindən razılığını bildirmiş və münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır. Qeyd olunmalıdır ki, hazırda Litva Seymində Azərbaycanla dostluq qrupunun üzvlərinin sayı 49 nəfərdir. Əvvəlki seymdə qrupun üzvlərin sayı 21 nəfər olmuşdur. 
 
Bundan əlavə, səfir iki ölkə arasında əməkdaşlığın inkişafında parlamentlərin imkanlarının maksimum səfərbər olunması məqsədilə parlamentlərarası dostluq qruplarının fəaliyyətinin genişləndirilməsinin vacibliyini qeyd etmişdir. 
 
növbəti xəbər əvvəlki xəbər