2013-11-25
Nazir Elmar Məmmədyarov ABŞ konqresmenlərindən ibarət nümayəndə heyətini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov konqresmenlər - Vaşinqton ştatından demokrat Cim MakDermott, Virciniya ştatından demokrat Ceyms Moran, Missuri ştatından respublikaçı Billi Lonq, Nyu Cersi ştatından demokrat Donald Peyndən ibarət ABŞ nümayəndə heyətini qəbul etmişdir. 

Nazir Elmar Məmmədyarov Azərbaycanla ABŞ arasında ikitərəfli münasibətlərin inkişaf etdiyini qeyd edərək, bu cür səfərlərin ikitərəfli əlaqələrin inkişafına töhfə verdiyinə əminlik ifadə etdi. 
 
Konqresmenlər ölkəmizdə gördükləri qonaqpərvərlikdən və Azərbaycanda gedən sürətli inkişaf proseslərindən məmnunluqlarını ifadə etdilər. Qonaqlar eyni zamanda Azərbaycanı siyasi cəhətdən sabit və iqtisadiyyatı sürətlə inkişaf edən ölkə kimi xarakterizə etdilər.      
 
Nazir Elmar Məmmədyarov ölkəmizin ABŞ ilə möhkəm əməkdaşlığı nəticəsində regionda həyata keçirdiyi nəhəng layihələrin bütövlükdə regionun inkişafında oynadığı rol barədə məlumat verdi. 
 
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov, bu münaqişənin nizama salınmasında ABŞ-ın həmsədr ölkə kimi rolunun vacib olduğunu vurğuladı. Görüşdə həmçinin, ikitərəfli əlaqələrin inkişafı perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.
 
 
növbəti xəbər əvvəlki xəbər