2013-11-25
Nazir müavini Xələf Xələfov Pakistan İslam Respublikasının “Yüksək səviyyəli vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş 99-cu Milli idarəetmə kursu”nun iştirakçılarını qəbul etmişdir

Xarici işlər nazirinin müavini Xələf Xələfov Pakistan İslam Respublikasının “Yüksək səviyyəli vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş 99-cu Milli idarəetmə kursu”nun iştirakçılarını qəbul etmişdir.  

Milli idarəetmə kursu Pakistanın dövlət qulluğunda çalışan yüksək vəzifəli rəsmi şəxslərin regional və qlobal məsələlər barəsində biliklərinin və qərar qəbuletmə qabiliyyətlərinin artırılması üçün nəzərdə tutulmuşdur. 
 
Nazir müavini Xələf Xələfov Azərbaycan-Pakistan siyasi əlaqələrinin yüksək inkişaf səviyyəsinə və dərin tarixi və mədəni-dini köklərə malik olduğunu qeyd edərək, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulamışdır.
 
İkitərəfli və çoxtərəfli əsasda və parlamentlərarası əlaqələr səviyyəsində ölkələrimiz arasında əməkdaşlığın uğurla inkişaf etdiyini deyən Nazir müavini Xələf Xələfov beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəklədiyinə və Pakistan parlamentində Xocalı soyqırımının tanınması ilə əlaqədar qəbul edilmiş qətnaməyə görə Pakistan tərəfinə təşəkkürünü çatdırmışdır. 
 
Nazir müavini Xələf Xələfov Azərbaycan-Pakistan əlaqələrinin əhatə dairəsinin geniş olmasının və siyasi əlaqələr, iqtisadiyyat, hərb və təhlükəsizlik, ticarət, elm-təhsil, mədəniyyət kimi sahələrə doğru sirayət etməsinin məmnunluq doğurduğunu qeyd etmiş və qarşılıqlı səylərlə Azərbaycan-Pakistan hökumətlərarası birgə əməkdaşlıq komissiyasının imkanlarından daha fəal surətdə istifadə edərək, əməkdaşlığın daha da artırılmasının vacibliyini diqqətə çatdırmışdır. 
 
Görüş əsnasında nazir müavini Xələf Xələfov əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycanın xarici siyasət strategiyasının təməl prinsipləri və prioritet istiqamətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun doğurduğu fəsadlar, münaqişənin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın qlobal və regional siyasətdə oynadığı rol, enerji siyasəti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyə, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfələri barəsində ətraflı danışmış və kurs iştirakçılarının çoxsaylı suallarını cavablandırmışdır. 
 
 
növbəti xəbər əvvəlki xəbər