2013-11-22
Azərbaycan BMT-nin “İllik xeyriyyə bazar”ında iştirak etmişdir
Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi BMT tərəfindən “Uşaqlar naminə birlik” şüarı altında keçirilən “İllik xeyriyyə bazar”ında iştirak etmişdir. 
 
Hər il BMT-nin Cenevrə şəhərindəki bölməsinin “Millətlər Sarayı”nda təşkil olunan “İllik xeyriyyə Bazar”ın keçirilməsində məqsəd, ölkələr tərəfindən onların mədəniyyəti, incəsənəti, mətbəxi və adət-ənənələrinin təbliğ edilməsindən və dünyanın müxtəlif bölgələrində yaşayan uşaqlara yardım üçün təsis olunmuş xeyriyyə fonduna töhfələrin edilməsindən ibarətdir. 
 
Tədbirdə Cenevrədə şəhərindəki BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında akkreditə olunmuş Daimi Nümayəndələr, BMT-nin Cenevrə Bölməsinin Baş Direktoru  v.i.e M.Moller, Cenevrə kantonunun və şəhərinin rəhbərləri, diplomatlar, İsveçrə ictimaiyyəti, İsveçrədə akkreditə olunmuş beynəlxalq təşkilatların nümayəndələri və digər şəxslər iştirak etmişlər. 
 
Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyinin ənənəvi olaraq iştirak etdiyi “İllik Bazar”da ölkəmizin sərgi stenddə milli mədəniyyətimizi, maddi-mənəvi irsimizi, incəsənətimizi və adət-ənənələrimizi əks etdirən əşyalar nümayiş olunmuş və Azərbaycanın turizm potensialı, mədəniyyəti və incəsənətinə dair kitab, jurnal və xəritələr, eləcə də digər vəsaitlər iştirakçılara paylanılmışdır. 
 
Nümayiş olunan əşyaların satışından toplanan vəsait Azərbaycan Respublikasının Cenevrə şəhərində BMT bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən BMT-nin xeyriyyə fonduna köçürülmüşdür. Fonda toplanan maliyyə vəsaitinin bir hissəsi Filippində baş vermiş Hayan qasırğasından zərər çəkmiş uşaqlara yardım edilməsi üçün sərf olunacaqdır.
 
 
 
 
 
 

 

 

növbəti xəbər əvvəlki xəbər