2013-11-21
Azərbaycan-Braziliya diplomatik münasibətlərinin qurulmasının 20 illiyi qeyd olunmuşdur

Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyindən verilən məlumata əsasən cari ilin 19 noyabr tarixində paytaxt Braziliada Klaudio Santoro adına Milli Teatrda Azərbaycan-Braziliya diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilmişdir.

Tədbirin əvvəlində çıxış edən səfir Elnur Sultanov 20 il ərzində Azərbaycan və Braziliya arasında münasibətlərdə möhkəm zəminin yaradıldığını qeyd edərək siyasi, iqtisadi və humanitar sahələrdə həyata keçirilən əməkdaşlığın əhəmiyyətini vurğulamışdır. Mədəniyyət sahəsində qarşılıqlı mübadilə vacibliyindən danışan səfir Elnur Sultanov Azərbaycan Respublikasının xalq artisti, məşhur dirijor Yalçın Adıgözəlovu təqdim etmiş, onun milli musiqimizin beşiyi sayılan Azərbaycanın Qarabağ bölgəsindən olduğunu xüsusilə qeyd etmiş və bu konsertin iki ölkənin daha da yaxınlaşmasına töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.

Sonra Braziliya simfonik orkestrinin baş dirijoru Klaudio Kohen çıxış edərək Azərbaycan-Braziliya mədəni əlaqələrinin hazırki vəziyyətindən məmnunluğunu bildirmiş, Azərbaycanın zəngin musiqi mədəniyyətinə malik olduğunu konsert iştirakçılarının diqqətinə çatdırmışdır. Eyni zamanda o, mədəni sahədə əlaqələrimizin gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu ifadə etmişdir.
 
Daha sonra Brazilia Simfonik Orkestri maestro Yalçın Adıgözəlovun rəhbərliyi altında çıxış etmiş və Azərbaycan bəstəkarları Fikrət Əmirovun “Azərbaycan kapriçiosu”, Qara Qarayevin “Yeddi gözəl”, braziliyalı bəstəkar Heytor Villa Lobosun “Bakianos brazileyros” və rus bəstəkarı Pyotr Çaykovskinin “4-cü simfoniya” kimi musiqi əsərlərini ifa etmişdir.
 
Tədbirdə Braziliya rəsmiləri, Braziliyanın musiqi xadimləri, Braziliyada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və yerli ictimaiyyət iştirak etmişdir.
 
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Braziliyadakı Səfirliyinin dəstəyi ilə həyata keçirilən bu konsert Azərbaycan dirijorunun Braziliyada və eyni zamanda Cənubi Amerikada ilk çıxışı olmuşdur.
 
 
növbəti xəbər əvvəlki xəbər