2013-11-19
Nazir müavini Xələf Xələfov İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Cari ilin 19 noyabr tarixində xarici işlər nazirinin müavini Xələf Xələfov İndoneziya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, millət vəkili Ferrari Roemavinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.  

Görüş əsnasında Xələf Xələfov ölkələrimiz arasında siyasi əlaqələrin inkişaf səviyyəsinin məmnunluq doğurduğunu qeyd edərək, Azərbaycanın İndoneziya ilə ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verdiyini və bu xüsusda parlamentlərarası əlaqələrin vacib rola malik  olduğunu diqqətə çatdırmışdır. 

İndoneziyanın Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın ədalətli mövqeyini daim dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edən Xələf Xələfov, beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrimiz arasında olan əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulamışdır. 

Xələf Xələfov Azərbaycan ilə İndoneziya arasında enerji sahəsində mövcud qarşılıqlı faydalı əməkdaşlığı qeyd edərək, ölkələrimiz arasında kənd-təsərrüfatı, mədəniyyət, elm və təhsil və digər sahələrdə də əməkdaşlığın inkişafı üçün əlverişli imkanların olduğunu bildirmiş və qarşılıqlı səylər vasitəsilə bu imkanların araşdırılmasının vacibliyini diqqətə çatdırmışdır. 

İndoneziya nümayəndə heyətinin rəhbəri Ferrari Roemavi dostluq qrupunun fəaliyyəti haqqında məlumat verərək, İndoneziyanın Ermənistan-Azərbaycan münaqişəsi məsələsində daim Azərbaycanın ədalətli mövqeyini, ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini qeyd etmişdir. O, beynəlxalq təşkilatlar, xüsusilə İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində ölkələrimiz arasında olan əməkdaşlığın xüsusi məna və əhəmiyyət daşıdığını vurğulamışdır.  

Ferrari Roemavi Azərbaycanın İndoneziyanın xarici ticarət əlaqələrində dördüncü ən böyük tərəfdaşı olduğunu və müsbət saldonun Azərbaycanın xeyrinə olduğunu deyərək, müxtəlif istiqamətlər üzrə ölkələrimiz arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu bildirmişdir. 

Görüş əsnasında qarşılıqlı səfərlərin intensivləşdirilməsi, müqavilə-hüquq bazasının inkişaf etdirilməsi və ikitərəfli və çoxtərəfli əsasda siyasi dialoq mexanizminin gücləndirilməsi barəsində fikir mübadiləsi aparılmışdır.     

 

növbəti xəbər əvvəlki xəbər