2013-11-12
Argentinanın “Pagina 12” qəzetində Bakının qədim və müasir memarlıq incilərindən bəhs edən məqalə dərc olunmuşdur
Argentinanın aprıcı KİV-lərindən olan “Pagina 12” qəzetində dərc olunmuş “Azərbaycan. Odlar Yurdu. Qafqazın məşəlləri” başlıqlı bu məqalənin müəllifi Graciella Cutuli-dir. 
 
“Asiya ilə Avropanın kəsişməsində, Qafqazın mərkəzində yerləşən Azərbaycan minillik tarixə malik zəngin irsi və paytaxt Bakının müasirliyi ilə təəccübləndirən və hələ də kəşf edilməli olan bir ölkədir. Bütün dünyadan turist cəlb etməyə çalışan bu qüdrətli neft ölkəsinə səyahətimiz Alov Qüllələri, uçan xalçalar və nəhəng bayraqlarla səciyyə olunur”, deyə müəllif məqaləsində yazır.
 
Məqalədə şəhərin qədim memarlığından bəhs edən müəllif İçəri Şəhər, Şirvnaşahlar sarayı, qədim Qala divarları və İçəri Şəhərdəki digər abidələrin tarixi və özəllyini oxucuların diqqətinə çatdırır. Yazının əsas hissəsi isə Bakının təəccüb doğuran yeni və müasir tikililərinə həsr olunmuşdur. Bu xüsusda, Alov Qüllələri, Heydər Əliyev Mərkəzi, Bayraq Meydanı, Cristal Hall, yeni Xalça Muzeyinin binası barədə məlumat verilir. Diqqəti xüsusilə də Alov Qüllələrinə yönəldən müəllif yazır: “Bakı şəhəri Doha və ya Abu-Dabi kimi şəhərlərin kölgəsində qalmayacaq əsrarəngiz binalar ucaltmaqla turizmi cəlb etmək yarışına qoşulmuşdur. Və bu xüsusda, şəhərin ən məşhur tikinti kompleksi olan və Azərbaycanın “Odlar Yurdu” adını tərənnüm edən Alov Qüllələri (Flame Towers) önə çıxır”. Alov Qüllələrini 2012-ci ildə Bakıda keçirilən Avroviziya müsiqi yarışmasının səfirləri kimi adlandıran müəllif həmin yarışmaya ev sahibliyi edən Bakının turizm istiqaməti kimi özünü güclü şəkildə təqdim etdiyini yazır.
 
Bakıda son illərdə açılmış beynəlxalq otellərdən bəhs edən müəllif bunun səbəbini yalnız turizmlə deyil, əsas etibarilə, neft zənginliyinin Azərbaycanı daimi işgüzar səfərlərin əsas istiqamətlərdən birinə çevirməsi ilə əlaqələndirir.
 
Şəhərin işıqlandırılmasını Bakının ən cəlbedici tərəflərindən biri kimi xarakterizə edən müəllif bildirir ki, bəzi beynəlxalq turizm bələdçilərinin təsnifatına görə Bakı bütün dünyada gecə vaxtı ən gözəl on şəhərdən biridir.
 
Birinci “neft bum”u dövründə polyak, italyan və fransız memarları tərəfindən Bakıda inşa olunmuş binalar, dənizkənarı Milli Park və digər görməli yerlərdən bəhs edən müəllif bütün bunları 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları vaxtı ziyarət etməyi məsləhət görür.
 
Məqalədə habelə, Bakının müxtəlif mənzərələrinin, o cümlədən Heydər Əliyev Mərkəzi, Alov Qüllələri, Cristal Hall, İçəri Şəhər və Qız Qalasının iri fötöşəkilləri də yer almışdır.
 
Məqalənin tam mətnini buradan əldə edə bilərsiniz.
 
növbəti xəbər əvvəlki xəbər