2013-11-12
Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili A.Kərimov Ermənistan Xarici işlər nazirinin YUNESKO Baş Konfransının 37-ci sessiyasında səsləndirdiyi yalan və iftiralarını ifşa etmişdir

Noyabrın 11-də Ermənistan Xarici İşlər Naziri E.Nalbandyan YUNESKO-nun Baş Konfransının 37-ci sessiyası çərçivəsində keçirilən ümumi siyasi müzakirələrdə ənənəvi olaraq yalan və böhtana əsaslanan çıxış etmişdir. 

Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov cavab hüququndan istifadə edərək, Ermənistan nazirinin səsləndirdiyi əsassız ittihamların iftira və yalan olduğunu  dəlil və faktlarla cavablandırmışdır. 
 
İlk öncə Ermənistanın öz ərazisindən köklü Azərbaycan əhalisinin etnik təmizləmə siyasəti nəticəsində qovulduğu və Ermənistanın mono-etnik bir ölkəyə çevrildiyi və keçmiş Ermənistan Prezidenti Robert Köçəryanın azərbaycanlılar və ermənilərin etnik uyğunsuzluğu kimi qatı irqçi iddia ilə çıxış etdiyi xatırladılaraq, bu kimi əməlləri törədən Ermənistanın bu mötəbər təşkilatın podiumundan mədəni müxtəliflik, tolerantlıq və dialoq haqqında danışmağa mənəvi haqqının olmadığı vurğulanmışdır. 
 
Ermənistanın Azərbaycanın ərazilərini işğal edərək, bu ərazilərdə də etnik təmizləmə siyasətini davam etdirdiyini qeyd edən Azərbaycan nümayəndəsi Ermənistan və işğal edilmiş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni və dini irsinin kütləvi məhvə və saxtakarlığa məruz qaldığını və Ermənistanın tarix boyu bu ərazilərin köklü sakinləri olmuş azərbaycanlıların Ermənistanın öz ərazisindən və işğal olunmuş ərazilərdən izinin tam silinməsi siyasəti yürütdüyünü diqqətə çatdırmışdır. 
 
Anar Kərimov Edvard Nalbəndyanın əsassız ittiham və böhtan dolu və millətlərarası ədavətə və düşmənçiliyə təhrik edən çıxışının YUNESKO-nun əsasını təşkil edən sülh, tolerantlıq, dialoq və qarşılıqlı anlaşma dəyərləri ilə ziddiyyət təşkil etdiyini bildirmişdir. 
 
növbəti xəbər əvvəlki xəbər