2013-11-08
Nazir Elmar Məmmədyarov İndoneziyada Demokratiya Forumu çərçivəsində keçirilən müzakirələrdə əsas məruzəçi kimi çıxış etmişdir

7-8 noyabr tarixlərində İndoneziyada keçirilən Demokratiya Forumu çərçivəsində “Azad və demokratik seçkilərin keçirilməsi” və “Demokratik təsisatların qurulması və möhkəmləndirilməsi” adlı müzakirələr təşkil olunmuşdur.

Bu müzakirələrdə əsas məruzəçilər qismində Nazir Elmar Məmmədyarov, Avstraliyanın Xarici işlər naziri Juli Bişop, Liberiyanın Xarici işlər naziri Auqustin Kepehe Nqafuan və Filippin Prezidentinin sözçüsü və hökumət ofisinin üzvü Edvin Lasierda çıxış etmişlər. 

Nazir Elmar Məmmədyarov Azərbaycanın seçki təcrübəsi haqqında danışaraq, seçkilərin əsasən Azərbaycan Respublikasının Konstitusiyası və Seçki məcəlləsi ilə tənzimləndiyini qeyd etmişdir. O, seçkilər haqqında qanunvericiliyin təkmilləşdirilməsində Avropa Şurası və ATƏT ilə yaxından əməkdaşlıq edildiyini və bu təsisatların təklif etdiyi bir sıra qabaqcıl təcrübənin qanunvericiliyə daxil edildiyini bildirmişdir. 

Nazir Elmar Məmmədyarov 9 oktyabr tarixində keçirilmiş prezident seçkilərində 5492 seçki məntəqəsinin fəaliyyət göstərdiyi və bu məntəqələrin 37-nin Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində təşkil olunduğu, avtomatlaşdırılmış dövlət informasiya sistemi vasitəsilə məntəqələrlə Mərkəzi Seçki Komitəsi arasında bağlantının qurulduğu və məntəqələrin əksəriyyətində veb-kameraların quraşdırıldığı barəsində məlumat vermişdir.  

Seçkilərin 52.000 yerli və 100 ölkəni, eləcə də Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Müstəqil Dövlətlər Birliyi və bir sıra başqa beynəlxalq təşkilatları təmsil edən 1300 əcnəbi müşahidəçi tərəfindən izləndiyini deyən Nazir Elmar Məmmədyarov seçkilərin azad, ədalətli, şəffaf və demokratik şəraitdə keçməsinin beynəlxalq müşahidəçilər tərəfindən də təsdiq olunduğunu diqqətə çatdırmışdır. 

Nazir Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin müşahidə missiyasının birgə bəyanatında seçki prosesinin azad, ədalətli və şəffaf olduğunun və seçki prosedurlarının seçki ərəfəsində və seçki günündə peşəkar və dinc şəraitdə həyata keçirildiyinin qeyd edildiyini vurğulamışdır. 

ATƏT-in Demokratik təsisatlar və İnsan hüquqları bürosunun fəaliyyətinə toxunan Nazir Elmar Məmmədyarov demişdir ki, bu təsisat mandatına uyğun olaraq, seçkilərin müşahidəsinin azad, qərəzsiz və peşəkar qiymətləndirilməsini təmin etməli və ATƏT üzv dövlətlərinə qarşı təzyiq göstərilməsi vasitəsinə çevrilməkdən çəkinməlidir. 

Nazir Elmar Məmmədyarov təəssüfləndiyini bildirmişdir ki, ATƏT-in Demokratik təsisatlar və İnsan hüquqları bürosunun seçkilərin müşahidəsinə dair son qiymətləndirmələri qərəzli tənqid kimi istifadə edilir. Nazir Elmar Məmmədyarov Azərbaycanın ATƏT-in Demokratik təsisatlar və İnsan hüquqları bürosunun seçkilərin müşahidə prosesindəki rolunun və seçki prosesinin qiymətləndirilməsinə dair istifadə etdiyi metodologiyasının nəzərdən keçirilməsi təklifi ilə çıxış etdiyini diqqətə çatdırmışdır.

Aparılan müzakirələr çərçivəsində Nazir Elmar Məmmədyarov Azərbaycanın seçki təcrübəsi haqqında forum iştirakçılarını maraqlandıran sualları cavablandırmışdır.  

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər