2013-11-08
Nazir Elmar Məmmədyarov İndoneziyanın Xarici işlər naziri ilə görüşmüşdür

Nazir Elmar Məmmədyarov 7-8 noyabr tarixlərində İndoneziyada keçirilən Demokratik Forumda iştirakı çərçivəsində İndoneziyanın Xarici işlər naziri Marti Nataleqava ilə görüşmüşdür. 

Görüş zamanı iki ölkə arasında münasibətlər, xüsusilə enerji sahəsində və beynəlxalq təşkilatlar çərçivəsində  əməkdaşlıq məsələləri müzakirə edilmişdir. 
 
Marti Nataleqava Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi fəaliyyətini yüksək qiymətləndirərək, Azərbaycanın təşəbbüsü ilə BMT TŞ-da “BMT ilə İslam Əməkdaşlıq təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçirilmiş yüksək səviyyəli iclasın əhəmiyyətini vurğulamışdır. 
 
Nazir E.Məmmədyarov indoneziyalı həmkarına Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə aparılan danışıq prosesi barədə məlumat verərək, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycanın haqlı mövqeyinə göstərdiyi dəstəyə görə İndoneziya tərəfinə öz təşəkkürünü bildirmişdir.
 
Marti Nataleqava Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün BMT TŞ-nin qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyini qeyd edərək, ölkəsinin münaqişə ilə əlaqədar tutduğu prinsipial mövqeyini bir daha vurğulamışdır. 
 
Görüşdə iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsi, Azərbaycanın və İndoneziyanın üzvü olduqları regional təşkilatlar arasında əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi barəsində razılıq əldə edilmişdir.
 
Nazir E.Məmmədyarov İndoneziyanın Xarici işlər naziri Marti Nataleqavanı Azərbaycana səfərə dəvət etmişdir. 
 
Marti Nataleqava dəvəti məmnuniyyətlə qəbul edilmişdir.
 
 
növbəti xəbər əvvəlki xəbər