2013-11-01
Sloveniyada Mehdi Hüseynzadənin xatirəsi anılmışdır

Azərbaycan Respublikasının Sloveniyadakı diplomatik nümayəndəliyi tərəfindən 1 noyabr tarixində Nova Qoritsa şəhərində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin və orada dəfn olunmuş digər azərbaycanlı zabit və əsgərlərin əziz xatirəsinə həsr edilmiş anım mərasimi keçirilmişdir.

Mərasimdə Sloveniyanın hökumət nümayəndələri, millət vəkilləri, Nova Qoritsa şəhərinin meri və Sloveniyada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri və hərbi attaşelər iştirak etmişlər.

Azərbaycan Respublikasının Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev mərasim iştirakçılarına Mehdi Hüseynzadənin həyat yolu və faşizmə qarşı mübarizədə canından keçmiş Azərbaycanın oğul və qızları haqqında məlumat vermişdir.   

Mərasim çərçivəsində azərbaycanlı zabit və əsgərlərin məzarları üzərinə əklillər qoyulmuş və onların əziz xatirəsi anılmışdır.

Azərbaycan Respublikasının Avstriya, Slovakiya və Sloveniyadakı Səfirliyi və Sloveniya Respublikasının Müdafiə nazirliyi 20 dekabr tarixində İkinci Dünya Müharibəsi zamanı Sloveniya torpaqlarının azadlığı uğrunda alman-faşizminə qarşı döyüşən Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 95 illik yubileyinin keçirilməsinə dair birgə qərara gəlmişlər.
 
 
növbəti xəbər əvvəlki xəbər