2013-11-01
Nazir Elmar Məmmədyarov Braziliya nümayəndə heyətini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Braziliyanın Deputatlar palatasının müvəkkili, xarici əlaqələr və milli müdafiə komitəsinin sədri və Azərbaycan-Braziliya parlamentlərarası dostluq qrupunun həmsədri Klaudio Kajadonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Klaudio Kajado parlamentlərarası əlaqələrin vacibliyini qeyd edərək, yeni yaradılmış Azərbaycan-Braziliya dostluq qrupunun ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.
 
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul olunmaq şərəfinə layiq görüldüklərini qeyd edən Klaudio Kayado yüksək səviyyədə təşkil olunan Bakı Humanitar Forumunun Braziliya nümayəndə heyətində çox müsbət təəssürat doğurduğunu diqqətə çatdırmışdır.
 
Azərbaycanın sürətli inkişafına valeh olduqlarını deyən Klaudio Kayado ikitərəfli siyasi-iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün böyük potensialın olduğunu vurğulamışdır.
 
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Klaudio Kajado münaqişənin BMT TŞ-nın qətnamələri əsasında həllini dəstəklədiklərini deyərək, bütün beynəlxalq ictimaiyyət tərəfindən BMT qətnamələrinə riayət edilməsinin və onların icrasının təmin edilməsinin vacibliyini nəzərə çatdırmışdır.
 
Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılmasının vacibliyini vurğulayaraq, 1993-cü ildə BMT TŞ-ın Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar qəbul etdiyi dörd qətnamənin tələblərinə Ermənistan tərəfindən  riayət edilməməsinin münaqişənin həllinə başlıca mane yaratdığını bildirmişdir. 
 
İki ölkə arasında siyasi əlaqələrin yaxşı səviyyədə olduğunu deyən Nazir Elmar Məmmədyarov qarşılıqlı səylər vasitəsilə böyük potensiala malik olan iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsinin əhəmiyyətini vurğulamışdır. 
 
növbəti xəbər əvvəlki xəbər