2013-11-01
Nazir Elmar Məmmədyarov Sudan nümayəndə heyətini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Sudan Prezidentinin köməkçisi Nəfai Əli Nəfainin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Əli Nəfai geniştərkibli Sudan nümayəndə heyətinin Bakı Humanitar Forumunda iştirak etdiyini qeyd edərək, Forumun yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə təşəkkürünü ifadə etmişdir.  

Azərbaycanın BMT Təhlükəsizlik Şurasında və digər beynəlxalq təşkilatlarda Sudana göstərdiyi dəstəyinin yüksək qiymətləndirdiklərini deyən Əli Nəfai Sudanın Azərbaycanda səfirliyinin fəaliyyətinin bərpa edilməsindən sonra ikitərəfli siyasi-iqtisadi əlaqələrin daha da sürətlə inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.
 
Sudanın da Ermənistan-Azərbaycan münaqişəsində Azərbaycanın haqq işini və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığını dəstəklədiyini diqqətə çatdırmışdır.
 
Azərbaycan şirkətlərini Sudana dəvət edən Əli Nəfai Azərbaycanın təcrübəsinin, texnoloji imkanlarının və elmi-texniki potensialının Sudan üçün çox maraqlı olduğunu bildirmişdir.
 
Nazir Elmar Məmmədyarov BMT TŞ-nın qeyri-daimi üzvü kimi Azərbaycanın Sudana münasibətdə öz davamlı dəstəyini nümayiş etdirdiyini, ölkələrimiz arasında İslam əməkdaşlıq təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində d mövcud olan yaxın əməkdaşlığın məmnunluq doğurduğunu vurğulamışdır.   
 
Nazir Elmar Məmmədyarov iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafı üçün əlverişli potensialın olduğunu deyərək, elm-təhsil, informasiya-kommunikasiya texnologiyaları, neft mühəndisliyi və sair digər sahələrdə mövcud imkanların araşdırılmasının vacibliyini bildirmişdir.
 
növbəti xəbər əvvəlki xəbər