2013-11-01
Nazir Elmar Məmmədyarov Uruqvay Parlamentinin nümayəndə heyətini qəbul etmişdir

Nazir Elmar Məmmədyarov Uruqvay Parlamentinin nümayəndə heyətini qəbul etmişdir.

Nümayəndə heyətinin rəhbəri Doreen Javier İbarra uğurlu prezident seçkilərinin keçirilməsi münasibətilə Azərbaycan xalqını təbrik edərək, Azərbaycan ilə Uruqvay arasında siyasi-iqtisadi əlaqələrin inkişafı üçün parlamentlərarası dostluq qruplarının fəaliyyətinin əhəmiyyətini vurğulamışdır.
 
Doreen Javier İbarra III Bakı Humanitar Forumunda iştirak etdiklərini və Forumun yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, forumda müasir dövr üçün aktuallıq kəsb edən məsələlər üzrə məhsuldar müzakirələrin aparıldığını demişdir.
 
O, beynəlxalq münaqişələrin BMT Təhlükəsizlik Şurasının qətnamələri və danışıqlar yolu ilə həll edilməsinin vacibliyini qeyd etmişdir.
 
Nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşılmasının vacibliyini vurğulayaraq, 1993-cü ildə BMT TŞ-ın Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar qəbul etdiyi dörd qətnamənin tələblərinə Ermənistanın tərəfindən riayət edilməməsinin münaqişənin həllinə başlıca mane yaratdığını bildirmişdir. 
 
Nazir Elmar Məmmədyarov ikitərəfli əlaqələrin inkişafında parlamentlərarası əlaqələrin və parlament diplomatiyasının mühüm rola malik olduğunu qeyd edərək, Azərbaycan ilə Uruqvay arasında əlaqələrin inkişafı üçün əlverişli imkanların olduğunu nəzərə çatdırmışdır. 
 
növbəti xəbər əvvəlki xəbər