2013-10-30
Səfir Anar İmanov Vyetnamın Mədəniyyət, İdman və Turizm naziri ilə görüş keçirmişdir

30 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov Vyetnamın Mədəniyyət, İdman və Turizm Naziri Hoang Tuan Anh ilə görüş keçirmişdir. 

Hoang Tuan Anh Azərbaycanın Vyetnamda Səfirliyinin təsis olunmasının iki ölkə arasında münasibətlərin inkişaf etdirilməsi baxımından vacib olduğunu bildirmişdir. O, ölkələrimiz arasında əməkdaşlığın böyük tarixə malik olduğunu və ikitərəfli münasibətlərin bundan sonra intensivləşəcəyinə inandığını söyləmişdir.  
 
Səfir Anar İmanov Azərbaycanın turizm potensialı və turizm infrastrukturunun inkişaf etdirilməsi üçün görülən işlər barəsində həmsöhbətinə məlumat vermişdir. 
 
Görüş əsnasında xalqlarımız arasında əlaqələri daha da möhkəmlətmək üçün hər iki ölkənin mədəniyyəti barədə təbliğat işlərinin aparılmasının və qarşılıqlı olaraq mədəniyyət günlərinin keçirilməsinin vacibliyi vurğulanmışdır. 
 
Səfir A. İmanov Azərbaycanın son illər idman sahəsində qazandığı uğurlardan bəhs etmiş, ölkəmizdə yaradılan geniş idman infrastrukturu barəsində məlumat verərək, Azərbaycanın bir çox beynəlxalq səviyyəli yarışlara ev sahibliyi etdiyini, o cümlədən 2015-ci ildə ilk dəfə keçiriləcək Avropa oyunlarının Azərbaycanda təşkil ediləcəyini diqqətə çatdırmışdır. 
 
Hoang Tuan Anh Azərbaycanın idman sahəsində uğurlarından xəbərdar olduğunu bildirmiş və bu sahədə iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsinin məqsədəuyğun olduğunu vurğulamışdır.
 
 
növbəti xəbər əvvəlki xəbər