2013-10-28
Misirin " Əl-Oula" kanalında səfir Şahin Abdullayevin çıxışı efirə getmişdir

Cari ilin oktyabr ayının 28-də Misirin “Əl-Oula” TV peyk kanalının populyar “Sabahın xeyir, Misir” proqramında səfir Ş. Abdullayevin canlı yayımda çıxışı efirə getmişdir (http://www.youtube.com/watch?v=RCqPLaHvHr0). 

Səfir Ş. Abdullayev çıxışında  9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkilərinin nəticələri barədə danışaraq, cənab İlham Əliyevin əhalinin böyük əksəriyyətinin səsini qazandığını və yenidən Azərbaycan Respublikasının prezidenti seçildiyini bildirmişdir. O, bu qələbənin əsas səbəbinin ötən on il ərzində ölkədə keçirilmiş əsaslı islahatlarla bağlı olduğunu diqqətə çatdırmışdır.  Ş.Abdullayev prezident seçkilərini müşahidə etmək məqsədilə dünyanın 100 ölkəsindən və 50 nüfuzlu beynəlxalq təşkilatdan (BMT, Avropa İttifaqı, ATƏT və sair) 1300 beynəlxalq müşahidəçinin iştirak etdiyini qeyd etmiş və seçkilərdə yüksək vətəndaş fəallığının müşahidə olunduğunu əlavə etmişdir. Səfir Avropa Parlamenti və Avropa Şurası Parlament Assambeyasının nümayəndələrinin, habelə ATƏT-in fəaliyyətdə olan sədrinin və digər səlahiyyətli nümayəndələrin Azərbaycanda ədalətli və şəffaf seçkilər keçirilməsi barədə fikirlərini diqqətə çatdırmışdır. Səfir Azərbaycanda yaradılmış seçki mühiti haqqında geniş məlumat verərək, ATƏT-in bir qiymətləndirmə missiyasının hesabatı istisna olmaqla digər qurumların Azərbaycanda seçkilərin şəfaf, ölkənin konstitusiyasına və seçki məcəlləsinə uyğun şəkildə keçirildiyini vurğulamış və xalqın Azərbaycan prezidenti İlham Əliyevə ölkədəki sabitliyə, təhlükəsizliyin təminatına, həyata keçirilən islahatlara və rifaha görə səs verdiyini bildirmişdir. 
 
Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra keçdiyi ağır və çətin yollardan danışan səfir, müstəqilliyik dövrünün Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və işğal nəticəsində bir miliyon insanın öz doğma torpaqlarından qovularaq qaçqına çevrilməsi ilə üzləşdiyini diqqətə çatdırmışdır. Səfir 1994-cü ildən tərəflər arasında atəşkəs rejiminə dair razılaşma əldə edildiyini və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə sülh danışıqlarının aparıldığını və Azərbaycanın işğal olunmuş ərazilərinə dair BMT Təhlükəsizlik Şurasının dörd qətnamə qəbul etdiyini və Ermənistanın bu qətnamələrə məhəl qoymadığını Misir ictimaiyyətinin diqqətinə çatdırmışdır.
 
Səfir o zamanlar Azərbaycanda yaranmış daxili siyasi vəziyyəti xarakterizə edərək Misirin hazırkı durumu ilə oxşar məqamları vurğulamış və Azərbaycan-Misir ikitərəli əlaqələrin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini qeyd etmiş və iki xalqı birləşdirən ümumi tarixi, dini dəyərlər barədə məlumat vermişdir.
 
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsi ilə ölkə daxilində mövcud olan siyasi problemlərin qısa bir dövr ərzində həll edildiyini qeyd edən səfir Azərbaycanın böyük iqtisadi və sərmayə imkanlarına malik dövlətə çevrildiyini bildirmişdir.
 
Səfir Azərbaycanın geosiyasi və geostrateji mövqeyini xüsusi qeyd edərək, Avropa və Asiya arasında körpü rolu oynadığını və bu mövqeyin istər daxildə sabitliyin təmin olunması, istərsə də xarici siyasətdə uğurların əldə edilməsində əhəmiyyətini vurğulamış və Azərbaycanın əldə etdiyi nailiyyətlərdən danışmışdır.
Azərbaycanda bütün sahələrdə - siyasi, iqtisadi, sosial, təhsil, səhiyyə və sair aparılan islahatları ətraflı şərh edən Ş.Abdullayev islahatların müsbət nəticələr verdiyini qeyd etmişdir
 
növbəti xəbər əvvəlki xəbər