2013-10-28
Nazir Elmar Məmmədyarovun sədrliyi altında BMT TŞ-nın iclası keçirilmişdir

28 oktyabr 2013-cü il tarixində Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında sədrlik vəzifəsini həyata keçirən Azərbaycan Respublikasının təşəbbüsü ilə “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası keçirildi. 

Təhlükəsizlik Şurasında ilk dəfə bu mövzu üzrə təşkil edilən iclasın məqsədi BMT və üzvlərinin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası qurum olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair mümkün tədbirlərin gerçəkləşdirilməsi üzrə müzakirələrin aparılması idi. 
 
Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun sədrlik etdiyi iclasda BMT-nin Baş katibi Ban Ki-Mun və İƏT-in Baş katibi Əkmələddin İhsanoğlu, habelə Təhlükəsizlik Şurasının yüksək səviyyəli nümayəndələri iştirak etdilər.
 
Öz müraciətlərində hər iki təşkilatın baş katibləri Yaxın Şərq problemi və Suriyadakı böhran da daxil olmaqla, beynəlxalq gündəlikdə duran bir sıra problemlər üzrə aparılan qlobal və regional proseslərə toxundular və bu problemlərin həlli yollarının tapılmasında BMT-nin müvafiq hökumətlərarası təşkilatlarla sıx əməkdaşlıq etməsinin vacibliyini qeyd etdilər. 
 
İƏT-in Baş katibi öz çıxışında Ermənistan-Azərbaycan münaqişəsinə yer ayıraraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalının davam etməsindən narahatlıq ifadə etdi. O, münaqişənin ölkəmizin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinə çağırdı. 
 
Nazir E.Məmmədyarov yüksək səviyyəli görüşdə etdiyi müraciətdə ötən illər ərzində İƏT-in beynəlxalq sülh və təhlükəsizliyin təmin edilməsi və qlobal səviyyədə sülh mədəniyyətinin yayılmasında BMT-nin mühüm tərəfdaşı olduğunu bildirdi. O qeyd etdi ki, Təhlükəsizlik Şurasının gündəliyində duran bir çox məsələlərin İslam dünyasına bilavasitə aidiyyəti var və İƏT, təbii olaraq, onların həlli ilə yaxından məşğuldur. Məhz bu fakt Təhlükəsizlik Şurası və İƏT arasında sıx əməkdaşlıq və əlaqələndirmənin təmin edilməsini tələb edir. 
 
Ermənistan-Azərbaycan münaqişəsindən ətraflı danışan nazir E.Məmmədyarov qeyd etdi ki, münaqişənin əvvəlindən İƏT BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi əsasında Ermənsitanın Azərbaycana qarşı hərəkətlərini təcavüz kimi qiymətləndirmişdir. Onun sözlərinə görə, qətnamələrin yerinə yetirilməsinin təmin edilməsi məqsədilə İƏT-in qəbul etdiyi silsilə qərarlar beynəlxalq ictimaiyyət tərəfindən, o cümlədən BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyası çərçivəsində, Azərbaycan ərazilərinin işğalı məsələsinin nəzərdən keçirilməsində həlledici rol oynamışdır. 
 
Nazir xüsusilə vurğuladı ki, Ermənistanın ilhaqçı siyasəti heç bir halda yerinə yetirilə bilməz. O bildirmişdir ki, münaiqişənin həllinə nail olmaq və iki dövlət arasında normal münasibətlərin bərqərar edilməsi üçün yeganə vasitə Azərbaycan ərazilərinin işğalına son qoyulması, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpa edilməsi və qaçqın və məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnun dərhal təmin edilməsidir.
 
Nazir E.Məmmədyarov İslam mədəniyyətinin bəşəriyyətə, elmə və təhsilə verdiyi töhfələrinə toxunaraq, İslamın başqa dinlərə və inanclara hörmət edən sülh dini olduğunu bildirdi. O, İslam dininə qarşı olan təhqir və hücum hallarına qarşı mübarizə aparmaq məqsədilə birgə səylər və dialoqa ehtiyac duyulduğunu və qlobal səviyyədə dini və mədəni müxtəlifliyə hörmət edilməsinin vacib olduğunu qeyd etdi.
 
İclasın yekun sənədi kimi qəbul edilmiş Təhlükəsizlik Şurası Sədrinin bəyanatında BMT və İƏT arasında əməkdaşlığın hazırkı vəziyyəti alqışlandı və onun gücləndirilməsinin vacibliyi qeyd edildi. Bəyanatda, həmçinin, münaqişələrin BMT Nizamnaməsi və Təhlükəsizlik Şurasının qərarları əsasında həll edilməsinə dair hər iki təşkilatın eyni mövqedən çıxış etdiyi bildirildi.
 
 
növbəti xəbər əvvəlki xəbər