2013-10-26
Misirin "Əl-Aləm əl-yaum" qəzetində səfir Ş.Abdullayevin məqaləsi dərc edilmişdir

9 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasında keçirilmiş Prezident seçkiləri ilə bağlı Misirin populyar "Əl-Aləm əl-yaum" qəzetində səfir Ş.Abdullayevin məqaləsi dərc edilmişdir. 

Məqalədə Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq seçkiqabağı kampaniyaya seçkilərin keçirilməsinə 60 gün qalmış start verildiyi, namizədlər üçün yaradılmış şərait və ölkədəki seçkiqabağı vəziyyətlə bağlı ətraflı məlumat verilmişdir. Prezident seçkilərini müşahidə etmək məqsədilə bir çox beynəlxalq təşkilatlara (ATƏT, GUAM, MDB, BMT, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı) dəvət göndərildiyi və çoxlu sayda beynəlxalq və yerli müşahidəçilərin  iştirak etdiyi qeyd edilmişdir.
 
Ş.Abdullayev məqaləsində namizədlərin seçkiqabağı təşviqat aparmaq məqsədilə televiziya kanallarında (İTV-də) ödənişsiz efir vaxtından və digər kütləvi informasiya vasitələrindən istifadə etmək hüququna malik olduqlarını vurğulamışdır.
 
Eyni zamanda, Səfir hazırkı prezident cənab İlham Əliyev də daxil olmaqla 10 namizədin prezident seçkilərində iştirak etdiyini bildirmiş, seçkinin nəticələrinə görə cənab İlham Əliyevin digər namizədləri səs çoxluğu ilə üstələyərək yenidən prezident seçildiyini vurğulamışdır.
 
Məqalədə Səfir Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Avropanın regiondakı əsas tərəfdaşı olduğunu, eyni zamanda ölkənin xarici siyasətinin əsas prioritetlərindən birinin ərəb-islam dünyası ilə əməkdaşlığın olduğunu Misir ictimaiyyətinə təqdim etmişdir. O, Azərbaycanın 10 ildə əldə etdiyi uğurlar nəticəsində borc alan ölkədən borc verən ölkəyə çevrilməsini də vurğulamışdır.
 
Səfir həmçinin, Azərbaycanın kifayət qədər mürəkkəb, eyni zamanda strateji əhəmiyyətli bölgədə yerləşdiyinə görə xarici siyasət kursunu müəyyənləşdirərkən bir tərəfdən öz milli maraqlarını qorumaq və bölgənin aparıcı dövləti statusunu saxlamaq, digər tərəfdən bölgədə maraqları olan bütün dövlətlərlə, habelə qonşularla bərabərhüquqlu tərəfdaşlıq münasibətlərinə malik olmaq meyarlarından çıxış etdiyini bildirmişdir.
 
Müəllif Azərbaycan hökumətinin ötən 10 il ərzində həyata keçirmiş olduğu islahatlardan, ölkənin iqtisadi sahədə əldə etdiyi nailiyyətlərindən söz açmış və bütün bu nailiyyətlərin əsas səbəbi kimi ölkədəki daxili siyasi sabitliyin təmin olunmasını göstərmişdir. O, iqtisadi sahədə əldə edilmiş uğurların dövlətin iqtisadi qüdrətinin artması və xarici asılılığın tamamilə aradan qalxması ilə əlaqələndirmişdir. Azərbaycanın neft-qaz ölkəsi kimi tanınması ilə yanaşı qeyri-neft sektorunun da inkişafından danışan səfir artıq xarici valyuta ehtiyatlarının 48 milyard manatı keçdiyini, bununla da ötən il ərzində Azərbaycan iqtisadiyyatının çoxşaxəli inkişafına yönəlmiş islahatlarının nəticəsi olaraq qeyri-neft sektorunda 2.7 dəfə real artımın olduğunu, 2003-2012-ci illər ərzində qeyri-neft sektorunda artımın dünyada ən yüksək göstəricilərdən birini təşkil edərək ildə orta hesabla 10% təşkil etdiyini, bundan əlavə olaraq ötən 10 il ərzində ölkədə açılan 1milyon 100 minə yaxın yeni iş yerlərinin 90 faizdən çoxunun qeyri-neft sektorunda açılmış olduğunu qeyd etmişdir. 
 
Turizm sektorunun inkişafı ilə bağlı Ş.Abdullayev Azərbaycanın ötən 10 il ərzində turizm sektorunun inkişafına yönəlmiş dövlət proqramları, bu sahəyə yatırılan investisiyalar haqqında ətraflı məlumat vermiş, 2012-ci ildə Azərbaycana gələn xaricilərin sayının 2 milyondan çox olduğunu bildirmişdir.
 
Əhalinin sosial rifahı ilə bağlı məqalədə ötən 10 il ərzində sosial rifahın və həyat şəraitinin yüksədilməsi üçün 2003-cü ildə səhiyyəyə ayrılan xərclərin cəmi 69 milyon manat təşkil etdiyi, 2013-cü ildə səhiyyə xərclərinin 666.3 milyon manat təşkil etdiyi, təhsilə ayrılan xərclərin isə  2003-cü ildə 243 milyon manat təşkil etdiyi, 2013-cü ildə isə bu rəqəmin 1.5 milyard manat təşkil etdiyi qeyd edilmişdir.
 
Məqalənin sonunda Səfir elm və təhsilə, səhiyyəyə ayrılan diqqət və xərclərdən danışaraq ilbəil ölkənin inkişaf etməsilə bərabər sözügedən sahələrin də inkişafının davam etdiyini bildirmişdir.
 
növbəti xəbər əvvəlki xəbər