2013-10-28
Xarici işlər naziri Elmar Məmmədyarov BMT TŞ-da çıxış edəcək

Azərbaycan Respublikasının BMT Təhlükəsizlik Şurasına sədrliyi çərçivəsində Xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə 28 oktyabr 2013-cü il tarixində “BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi” mövzusunda keçiriləcək BMT TŞ-nın yüksək səviyyəli iclasında iştirak və sədrlik etmək üçün Nyu-Yorka yola düşmüşdür. 

İclas çərçivəsində Xarici işlər naziri Elmar Məmmədyarovun çıxışı və eyni zamanda iclasın yekunu olaraq, BMT TŞ-da Azərbaycan sədrliyinin bəyanatı nəzərdə tutulmuşdur. 
 
BMT ilə İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlığın gücləndirilməsi üzrə BMT TŞ çərçivəsində bu kimi ilk təşəbbüsün müəllifi olan Azərbaycan Respublikası BMT TŞ-da sədrliyi dövründə bu mövzunun daha da inkişaf etdirilməsi və iki təşkilat arasında əməkdaşlığın müxtəlif formalarının müəyyən edilməsini qarşısına prioritet məqsədlərdən biri kimi qoymuşdur.
 
Xatırlatmaq istərdik ki, rotasiya qaydasına uyğun olaraq, 01 oktyabr 2013-cü il tarixindən etibarən BMT TŞ-da sədrlik Azərbaycan Respublikasına keçmişdir. 
 
növbəti xəbər əvvəlki xəbər