2013-10-25
Azərbaycanın Vyetnamdakı səfiri Anar İmanov bu ölkənin Baş Naziri Nguyen Tan Dung ilə görüşmüşdür
25 oktyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Vyetnam Sosialist Respublikasındakı səfiri Anar İmanov bu ölkənin Baş Naziri Nguyen Tan Dung ilə görüşmüşdür.
 
Görüşün əvvəlində Baş Nazir cari ildə Azərbaycanın Vyetnamda Səfirliyinin təsis olunmasını ölkələrimiz arasında münasibətlərin inkişafı baxımından  mühüm hadisə kimi qiymətləndirmiş və Vyetnam tərəfinin Səfirliyin fəaliyyəti zamanı zəruri olan yardımı göstərəcəyini bildirmişdir. Səfir Anar İmanov Baş Nazirə təşəkkürünü bildirmiş, səfirliyin təsis olunmasını Azərbaycanın Vyetnamla münasibətlərə önəm verməsinin göstəricisi olduğunu vurğulamışdır. Anar İmanov qeyd etmişdir ki, ölkələrimiz arasında dostluq əlaqələri böyük tarixə malikdir, ikitərəfli münasibətləri inkişaf etdirmək üçün geniş potensial mövcuddur.
 
Cənab Nguyen Tan Dung, ölkəsinin ağır günlərində Azərbaycan xalqının dəstəyini vyetnamlıların heç zaman unutmadığını söyləmiş, ölkəsinin Azərbaycanla siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq etmək arzusunda olduğunu bildirmişdir. Baş Nazir ölkəsinin Azərbaycanla ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu və Vyetnam Prezidenti Truong Tan Sangın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi 2014-cü ildə Vyetnama dəvət etdiyini qeyd etmişdir.
 
Daha sonra səfir Anar İmanov son illər Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin iştirakı ilə keçirilən regional layihələr, ölkəmizdə gedən iqtisadi inkişaf haqqında məlumat vermişdir. Səfir həmçinin Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar siyasətin regionun inkişafına göstərdiyi mənfi təsirdən söhbət açmışdır. Cənab Nguyen Tan Dung ölkəmizin son illər qazandığı uğurlardan xəbərdar olduğunu bildirmiş, Azərbaycanın təcrübəsinin ölkəsi üçün böyük maraq doğurduğunu qeyd etmişdir. 

Görüşün sonunda səfir Anar İmanov qarşılıqlı olaraq, Vyetnamın Azərbaycanda Səfirliyinin açılmasının iki ölkə arasındakı münasibətləri daha da inkişaf etdirmək baxımından vacibliyini vurğulamışdır. Cənab Nguyen Tan Dung Vyetnamın Azərbaycanda Səfirliyinin açılması imkanlarının Xarici İşlər Nazirliyi tərəfindən araşdırıldığını bildirmişdir. 

növbəti xəbər əvvəlki xəbər