2013-10-23
Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilmişdir
23 oktyabr 2013-cü il tarixində Avropa Parlamentinin plenar sessiyasında Avropa Qonşuluq siyasəti üzrə qətnamə layihəsi qəbul edilmişdir. 
 
Qətnamənin 16-cı paraqrafında Avropa Parlamenti tərəfindən Şərq Tərəfdaşlığı proqramında iştirak edən bir dövlət tərəfindən digərinin ərazisinin işğal edilməsinin Şərq Tərəfdaşlığının fundamental prinsip və məqsədlərinin pozulması olduğu barəsində mövqeyi xatırladılmış və bu xüsusda, Dağlıq Qarabağ münaqişəsinin həllinin BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri və 10 iyul 2009-cu il tarixli L’Aquila birgə bəyanatında ehtiva olunan ATƏT-in Minsk Qrupunun baza prinsipləri əsasında həll edilməli olduğu vurğulanmışdır.
 
Avropa Parlamenti tərəfindən qəbul edilmiş bu qətnamədə ilk dəfə olaraq Ermənistan-Azərbaycan münaqişəsinin məhz işğalçı qüvvələrin dərhal, qeyd-şərtsiz və tam şəkildə işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması və Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının təmin olunmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll edilməli olduğu vurğulanır. 
 
Avropa Parlamentinin son qətnaməsi bir daha onu təsdiq edir ki, beynəlxalq birlik münaqişənin BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri əsasında həllinin tərəfdarıdır.
 
Xatırladılmalıdır ki, Avropa Parlamenti bundan əvvəl qəbul etdiyi qətnamələrində də Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın Silahlı Qüvvələrinin çıxarılmalı, bu torpaqların Azərbaycanın nəzarətinə qaytarılmalı olduğunu və qaçqın və məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtma hüquqlarına malik olduğunu bir daha təsbit etmiş və Ermənistandan işğal olunmuş Azərbaycan ərazilərinə nizami ordu göndərilməsinin dayandırılmasını tələb etmişdir. 
növbəti xəbər əvvəlki xəbər