2013-10-23
Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş “Braziliya-Azərbaycan: nailiyyətlər və perspektivlər” adlı konfrans keçirilmişdir
Cari ilin 21 oktyabr tarixində Azərbaycan Respublikasının Braziliyadakı Səfirliyinin təşəbbüsü ilə Rio de Janeyro Federal Universitetində Braziliya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 20 illiyinə həsr olunmuş “Braziliya-Azərbaycan: nailiyyətlər və perspektivlər” adlı konfrans keçirilmişdir.
 
Tədbiri giriş sözü ilə açan səfir Elnur Sultanov 20 ildə Azərbaycan-Braziliya münasibətlərində siyasi, iqtisadi və mədəni sahələrdə əldə olunan nailiyyətlər barədə ətraflı məlumat vermişdir. Səfir son zamanlar ikitərəfli təmaslarda müşahidə olunan dinamikanı vurğulayaraq hərtərəfli əməkdaşlıq üçün geniş potensialın olduğunu qeyd etmişdir.
 
Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri, professor Vüsal Qasımlı “Azərbaycan: inkişaf edən iqtisadi güc” adlı təqdimat edərək, Azərbaycanın surətli iqtisadi inkişafı, ölkəmizin aparıcı rolu ilə həyata keçirilən irihəcmli layihələrlə bağlı ətraflı danışmışdır.
 
Daha sonra Universitetin beynəlxalq münasibətlər fakültəsinin professoru Aleksand Jebit çıxış edərək, Braziliya-Azərbaycan münasibətlərinin inkişafından məmnunluğunu bildirmiş və bu kimi tədbirlərin müntəzəm təşkil olunmasının vacibliyini vurğulamışdır.
 
Sonda Rio de Janeyro Federal Universitetinin beynəlxalq münasibətlər kafedrasının əməkdaşı Paulo Henrike də çıxış edərək, bu yaxınlarda Braziliyada Azərbaycan Respublikasının Braziliyadakı səfirliyi və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” adlı inşa müsabiqəsinin uğurlu nəticələrindən söz açmış və baş tutmuş bu kimi digər layihələrdən danışdı. 
 
Tədbirin sonunda iştirakçılara Azərbaycanın tarixini, mədəniyyətini, müasir inkişafını və digər sahələri əks etdirən materiallar paylanmışdır. 
 
növbəti xəbər əvvəlki xəbər