2013-10-23
Parisdə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilmişdir
Bu il oktyabrın 22-də Parisdə YUNESKO-nun mənzil-qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü, AR YUNESKO yanında Daimi Nümayəndəliyinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilmişdir.
 
2011-cü ildə YUNESKO-nun Baş Konfransının 36-cı sessiyasında Seyid Yəhya Bakuvinin 550 illik yubileyinin dünya səviyyəsində qeyd edilməsi ilə əlaqədar təşkil edilən bu tədbirdə Seyid Yəhya Bakuvi və onun banisi olduğu xəlvətilik təriqəti, dünyada tolerantlıq və qarşılıqlı hörmətin möhkəmlənməsinə verdiyi töhfə barədə məruzələr dinlənilmişdir. 
 
Tədbirdə İngiltərə, Fransa, Türkiyə, Əlcəzair, Azərbaycan və başqa ölkələrdən dəvət edilmiş tədqiqatçı alimlər, AR YUNESKO üzrə Milli Komissiyanın müşaviri Günay Əfəndiyeva,   YUNESKO-da akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, Fransanın elmi və ictimai dairələrin nümayəndələri, o cümlədən yerli və xarici mətbuat təmsilçiləri iştirak etmişlər. Simpozium Azərbaycanda multikulturalizm və mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsindən bəhs edən “Tolerantlığın məkanı” adlı sənədli filmin nümayişi ilə başlamışdır.
 
Tədbirin açılışında DQİDK-nin sədri Elşad İskəndərov, BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali Nümayəndəsi Nasser Abdulaziz Al-Nasser, YUNESKO-nun Mədəniyyətlərarası Dialoq Platformasının əlaqələndiricisi Katerina Stenou çıxış edərək, Seyid Yəhya Bakuvi irsi, onun dini tolerantlığın formalaşmasında xüsusi töhfəsi, ümumiyyətlə, ölkəmizdə əsrlər boyu təşəkkül tapmış və saxlanıb qorunmuş tolerantlıq ənənələri, sülh şəraitdə birgə yaşama, dialoq və qarşılıqlı anlaşma kimi dəyərlərin bu gün də Azərbaycan dövləti tərəfindən təşviq edildiyi qeyd edilmişdir. 
 
Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Forumuna istinad edilərək Azərbaycanın mədəniyyətlərarası dialoq və dini tolerantlıq sahəsində dərin ənənələrə malik olduğu vurğulanmışdır. Daha sonra simpozium “Azərbaycandan dünyaya açılan pəncərə: Seyid Yəhya Bakuvi və xəlvətilik”, “Azərbaycanda sufilik və Bakuvi irsi” adlı panellərdə işinə davam etdirmişdir.
 
Günün sonunda dünya şöhrətli fotoqraf Reza Deqatinin “Azərbaycan – tolerantlıq məkanı” adlı fotosərginin açılış mərasimi keçirilmişdir. Ölkəmizin zəngin tolerantlıq ənənələrini əks etdirən belə bir sərginin YUNESKO Baş Qərargahında keçirilməsinin tarixi bir hadisə olduğunu bildirən, Azərbaycanın YUNESKO yanındakı daimi nümayəndəliyinin müvəqqəti işlər vəkili Anar Kərimov bu tədbirin təşkilində Heydər Əliyev Fondu və onun Prezidenti, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban xanım Əliyevanın, eləcə də DQİDK-nin dəstəyinə görə təşəkkürünü bildirmişdir. 
 
DQİDK-in Sədri Elşad İskəndərov Prezident İlham Əliyevin multikulturalizm və milli-dini azlıqlara hörmət Azərbaycan xalqının milli xüsusiyyəti olduğu barədə fikirləri xatırladaraq, bu gün burada ölkəmizdəki mədəniyyətlərarası və dini tolerantlığı tərənnüm edən fotosərginin keçirilməsi Azərbaycan dövlətinin bu istiqamətdəki ardıcıl və davamlı siyasətinin daha bir bariz nümunəsi olduğunu qeyd etmişdir. BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi Nasser Abdulaziz Al-Nasser sərgidən də göründüyü kimi Azərbaycanda müxtəlif etnik qrupların dostluq və mehriban şəraitdə yaşamaları dünyanın digər ölkələri üçün bir örnək olduğunu bildirmişdir.
 
YUNESKO-nun nümayəndəsi Genc Seiti Azərbaycanın YUNESKO çərçivəsində mədəniyyətlərarası dialoqun təşviq edilməsi və mədəni irsin qorunması sahəsində xüsusi rolunu vurğulamışdır. AR-in Birinci Xanımı, YUNESKO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın YUNESKO-ya göstərdiyi dəstək qeyd edilmişdir.     
 
Reza Deqati dünya gəncləri arasında “Photolerance” adlı beynəlxalq foto müsabiqəsinə start verildiyini elan etmiş və bildirilmişdir ki, müsabiqə gənclər arasında fərqliliklərin aradan qaldırılması üçün dialoqun zəruriliyini dərk edilməsinə yönəlmişdir. Foto sərgi salonda toplaşmış 500-dən artıq qonağın böyük marağına səbəb olmuşdur. YUNESKO-dakı Daimi Nümayəndələr, YUNESKO Katibliyin əməkdaşları və Fransa ictimai təşkilatların nümayəndələri fotosərgini müşahidə etdikdən sonra Azərbaycanın tolerantlıq baxımından unikal bir ölkə olduğunu etiraf edərək, bu amilin daha geniş təbliğ edilməsini tövsiyə etmişlər.  
növbəti xəbər əvvəlki xəbər