2013-10-18
Heydər Əliyev Fondunun dəstəyi ilə Pakistanda Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata əsasən, Pakistanın Pəncab əyalətinin Fayzabad, Ravalpindi, İslamabad, Lahor şəhərlərində, həmçinin zəlzələdən ciddi zərər çəkmiş Bəlucistan əyalətində UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə Qurban bayramı ilə əlaqədar silsilə tədbirlər keçirilmişdir. 
 
Fəyzabad şəhərində yerləşən Ancumen Faiz Ul İslam (AFUİ) kimsəsiz uşaqlar evində təşkil olunmuş mərasimdə Pakistan Senatının səhiyyə, qaydalar və əlaqələndirmə komitəsinin sədri senator Zəfər Əli Şah, senator Səidə İqbal, senator Nuzhat Sadıq, senator Nəcmə Həmid, Milli Assambleyanın deputatı Tahirə Ouranqzeyb, senat administrasiyasının rəhbəri İftixarulla Babar, AFUİ-nin prezidenti Mian Sadıq Əkbər, birinci vitse-prezidenti Əziz Haşimi, ziyalılar, ictimai-siyasi xadimlər, media nümayəndələri iştirak etmişdirlər.  
 
Mərasimdə çıxış edən Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarov Mehriban xanım Əliyevanın adından tədbir iştirakçılarını Qurban Bayramı münasibəti ilə təbrik etmiş, onlara xoş arzularını çatdırmışdır. Həmçinin səfir Heydər Əliyev Fondunun Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi uğurlu layihələr barədə ətraflı məlumat vermişdir. 
 
Tədbirdə çıxış edən senator Zəfər Əli Şah, senator Səidə İqbal və AFUİ-nin Prezidenti Mian Sadiq Əkbar Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Pakistan xalqına göstərdiyi diqqətə görə dərin minnətdarlığını bildirmiş və Azərbaycanın birinci xanımının kimsəsiz uşaqlara göstərdiyi bu diqqətin onun humanistliyinin, islam dəyərlərinə sadiqliyinin göstəricisi olduğunu qeyd etmişdir. 
 
Pakistan senatının administrasiyasının rəhbəri İftixarulla Babar 9 oktyabr Prezident seçkilərini müşahidə etmək üçün parlament nümayəndə heyəti tərkibində Azərbaycana səfər etdiyini bildirərək, Prezident İlham Əliyevin tam azad seçkilərdə 85 faiz səslə yenidən ölkə başçısı seçildiyini qeyd etmiş və Azərbaycanda gedən iqtisadi islahatlar, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələr haqqında tədbir iştirakçılarına məlumat vermişdir. Natiq Pakistan nümayəndə heyətinin 15 seçki dairəsində seçki prosesini müşahidə etdiyini və seçkilərin tam demokratik və şəffaf  şəkildə keçdiyini qeyd etmişdir. 
 
Lahor şəhərində təşkil olunmuş mərasimdə çıxış edən Azərbaycan-Pakistan fondunun Prezidenti, Azərbaycan Diplomatik Akademiyanın (ADA) məzunu Naman Zəfər Çoudri Azərbaycan ilə Pakistan arasında mövcud olan qardaşlıq münasibətləri, ADA-da təhsil aldığı illərin xatirələri haqda danışmışdır.
 
Bəlucistan əyalətinin Dera Murad Camali bölgəsində təşkil olunmuş mərasimdə isə Bəlucistan parlamentinin sədri Mir Can Camali sentyabrın 24-də baş vermiş dağıdıcı zəlzələdən zərər çəkmiş, mütəmadi olaraq terrora məruz qalan və iqtisadi inkişafdan geri qalan əyalətdə belə bir aksiyanın keçirilməsi faktını yüksək qiymətləndirərək, bunun əsl mənada dostluq və qardaşlıq münasibətinin göstəricisi olduğunu vurğulamışdır. Bildirmişdir ki, bu tədbir çətin maddi durumda olan və daim təhlükə ilə üzləşən bölgə sakinləri üçün təkcə maddi deyil, eyni zamanda, böyük bir mənəvi dəstək mənbəyidir. 
 
  
  
  
 
 

 

növbəti xəbər əvvəlki xəbər