2013-10-10
Nazir Elmar Məmmədyarov Fransa nümayəndə heyətini qəbul etmişdir
Cari ilin 10 oktyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizdə səfərdə olan Fransa Senatının üzvü, Senatın müşahidə missiyasının rəhbəri Natali Qulenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Fransalı senator Natali Qule Azərbaycanda keçirilən prezident seçkilərini izlədiklərini və heç bir problemlə qarşılaşmadıqlarını, bütünlüklə prosesdən razı qaldıqlarını diqqətə çatdırmışdır. 
 
Nazir Elmar Məmmədyarov prezident seçkilərini müşahidə etmək üçün xarici ölkələrdən səfər edən missiyaların fəaliyyətinin önəmini qeyd etməklə yanaşı, Azərbaycanın hər zaman bu istiqamətdə əməkdaşlığa hazır olduğunu bildirmişdir. 
 
Görüşdə Azərbaycan ilə Fransa arasında ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olunmuş və iqtisadiyyatın müxtəlif sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri, həyata keçirilməsi nəzərdə tutulan birgə layihələr ətrafında fikir mübadiləsi aparılmışdır. 
 
Azərbaycanın BMT TŞ-də növbəti sədrliyi məsələsinə toxunan nazir Elmar Məmmədyarov, ölkəmizin irəli sürdüyü təşəbbüslər, xüsusən də BMT ilə İƏT arasında əməkdaşlığın genişləndirilməsi və inkişaf etdirilməsi istiqamətində verdiyi təkliflər və bu kimi məsələlərin TŞ-də də müzakirəsinin nəzərdə tutulduğunu qeyd etmişdir. 
 
növbəti xəbər əvvəlki xəbər