2013-10-08
Nazir Elmar Məmmədyarov Türk PA üzvlərini qəbul etmişdir
Cari ilin 8 oktyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək məqsədilə ölkəmizə səfər edən Türkdilli Dövlətlərin Parlament Assambleyasının (Türk PA) üzvlərini qəbul etmişdir. 
 
Missiyanın rəhbəri, Türkiyə Böyük Millət Məclisinin üzvü Haluk İpək Türk PA nümayəndə heyətinin Azərbaycanda keçirilən seçkiləri artıq dördüncü, o cümlədən prezident seçkilərini ilk dəfə müşahidə edəcəklərini diqqətə çatdırmışdır. Türkiyəli deputat hər dəfə Azərbaycana səfər edərkən ölkəmizin daha da inkişaf etdiyinin hiss olunduğunu da bildirmişdir. 
 
Nazir Elmar Məmmədyarov Azərbaycanın Türk PA-nın fəaliyyətinin genişləndirilməsində maraqlı olduğunu bildirmiş və qurumun müşahidəçi missiyası statusunda seçkiləri izləməsini təqdirəlayiq hal kimi qiymətləndirmişdir.      

Görüşdə Azərbaycanın BMT TŞ-yə qeyri-daimi üzv kimi seçilməsi, eləcə də 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının ölkəmizdə keçirilməsinə dair qərarın verilməsi təkcə Azərbaycanın deyil, bütün türk dünyasının uğuru kimi qeyd edilmişdir.   

növbəti xəbər əvvəlki xəbər