2013-10-08
Nazir Elmar Məmmədyarov Avropa Parlamenti nümayəndə heyətini qəbul etmişdir
Cari ilin 8 oktyabr tarixində xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycanda prezident seçkiləri üzrə müşahidə missiyasının rəhbəri Pino Arlaçinin başçılıq etdiyi Avropa Parlamenti nümayəndə heyətini qəbul etmişdir.
 
Görüşdə Azərbaycanla Avropa qurumları, o cümlədən Avropa Parlamenti arasında qurulmuş əməkdaşlığın əhəmiyyəti qeyd olunmuş və əlaqələrin daha da inkişaf etdirilməsi üçün aparılan danışıqların hazırkı vəziyyətinə dair fikir mübadiləsi aparılmışdır. 
 
Görüşdə, həmçinin Azərbaycanda keçiriləcək prezident seçkilərinə hazırlıq prosesi və seçki müşahidəçilərin fəaliyyəti üçün yaradılmış şərait müzakirə olunmuşdur.   
 
Nazir Elmar Məmmədyarov qonaqlara Azərbaycanın əsas makro iqtisadi göstəriciləri, əldə edilmiş iqtisadi və siyasi sabitlik, həyata keçirilmiş iri layihələr və ölkəmizin regionun inkişafına verdiyi töhfələr barədə məlumat vermişdir. 
 
Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov, hazırkı status-kvonun qəbul edilməz olduğunu, münaqişənin nizamlanma prosesində irəliləyişə nail olmaq üçün Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasının vacibliyini xüsusi vurğulamışdır. 
 
Avropa Parlamenti nümayəndə heyətinin rəhbəri Pino Arlaçi Ermənistan-Azərbaycan münaqişəsinin həlli prosesində Avropa Parlamentinin daha yaxından iştirakına tərəfdar olduqlarını bildirmişdir. 
 
 
 
növbəti xəbər əvvəlki xəbər