2013-04-17
Polşanın Krakov şəhərində “Polşa və Azərbaycanın enerji təhlükəsizliyi” adlı beynəlxalq konfrans keçirilmişdir
Cari ilin 12 aprel tarixində Polşanın Krakov şəhərində Azərbaycan Respublikasının Polşa Respublikasındakı səfirliyi və Krakovda yerləşən Strateji Araşdırmalar Mərkəzinin birgə təşkilatçılığı ilə “Polşa və Azərbaycanın enerji təhlükəsizliyi” adlı beynəlxalq konfrans keçirilmişdir. 
 
Konfransda Azərbaycan Respublikasının sənaye və energetika naziri Natiq Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Tədbirdə sənaye və energetika naziri Natiq Əliyev və Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri Yanuş Pexoçinski çıxış etmişlər. 
 
Nazir Natiq Əliyev çıxışı zamanı Azərbaycandakı hazırkı vəziyyət, dövlət quruculuğu, iqtisadiyyatın inkişafı və digər sahələrdə qazanılmış uğurlar barədə məlumat vermişdir. Müstəqilliyimizin ilk illərindəki böhranlı vəziyyətdən çıxmaqda xalqımızın ümummilli lideri Heydər Əliyevin başlatdığı yeni neft strategiyasının əhəmiyyəti vurğulanmış, Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyi qeyd edilmişdir. Nazir Natiq Əliyev ölkəmizin Avropaya inteqrasiya yolu seçdiyini bildirərək, bu baxımdan ölkə rəhbərliyinin Polşa ilə əməkdaşlığa böyük önəm verdiyini qeyd etmişdir. Azərbaycanın malik olduğu zəngin enerji resurslarının həcmi, istehsalat gücü və ixrac imkanları barədə məlumat verən nazir Natiq Əliyev, Azərbaycanın Polşanın enerji təhlükəsizliyinə töhfə verməyə hazır olduğunu bəyan etmişdir. 
 
Yanuş Pexoçinski Polşanın enerji təhlükəsizliyinin təmini məsələsini Polşa Respublikasının Baş nazirinin müavini, iqtisadiyyat naziri kimi prioritet seçdiyini diqqətə çatdırmışdır. Bu baxımdan enerji mənbələrinin diversifikasiyasına və Azərbaycanla əməkdaşlığa böyük önəm verildiyini qeyd edən Baş nazirin müavini, ölkəmizlə uzun müddətli və daha geniş sahələri əhatə edən əməkdaşlıqda maraqlı olduqlarını bəyan etmişdir. Baş nazirin müavini Yanuş Pexoçinski Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Polşa tərəfdən sədrliyini qəbul etdiyi barədə məlumat verərək, Azərbaycanla Polşa arasında iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın gücləndirilməsi üçün çalışacağına dair vəd vermişdir. 
 
Həmçinin, Azərbaycan Respublikası nümayəndə heyəti səfər çərçivəsində Polşanın aidiyyəti dövlət qurumları və özəl şirkətlərinin təmsilçiləri ilə bir sıra görüşlər keçirmişlər. 
növbəti xəbər əvvəlki xəbər