2013-04-17
Nazir Elmar Məmmədyarov ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianı qəbul etmişdir
Cari ilin 17 aprel tarixində nazir Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ Dövlət Katibinin demokratiya, insan haqları və əmək məsələləri üzrə köməkçisinin müavini Tomas Melianın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüşdə regionda baş verən hadisələr, eləcə də demokratiya, insan haqları və söz azadlığı məsələləri ətrafında fikir mübadiləsi aparılmış, bu sahələrdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi yolları müzakirə edilmişdir.
 
Nazir Elmar Məmmədyarov demokratiya, insan haqları, eləcə də söz azadlığı sahəsində ölkəmizdə aparılmış islahatlar və əldə edilmiş uğurlardan bəhs etmişdir. 
 
Tomas Melia ABŞ-ın Azərbaycanla adıçəkilən sahələr üzrə əməkdaşlıqda maraqlı olduğunu və bu istiqamətdə əməkdaşlığın davam etdirilməsinin vacibliyini qeyd etmişdir. 
 
Nazir Elmar Məmmədyarov, həmçinin, Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanması üzrə aparılan danışıqların son vəziyyəti barədə qonaqlara qısa məlumat vermiş və rəsmi Yerevanın müxtəlif bəhanələrlə danışıqlar prosesindən yayındığını bildirmişdir. Nazir eyni zamanda ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində aktivliyinin artırılmasının vacibliyini qeyd etmiş və münaqişənin bu günə kimi həll edilməməsinin regionun təhlükəsizliyi üçün böyük bir təhdid olduğunu vurğulamışdır. Azərbaycanın xarici işlər naziri beynəlxalq ictimaiyyəti münaqişənin həllində qərəzsiz, ədalətli və obyektiv mövqe tutmağa çağırmışdır. 
növbəti xəbər əvvəlki xəbər