2013-04-16
Nazir Elmar Məmmədyarov Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədrinin müavini Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Cari ilin 16 aprel tarixində xarici işlər naziri Elmar Məmmədyarov Çexiya Parlamentinin Deputatlar Palatasının Xarici Əlaqələr Komitəsinin sədrinin müavini Yan Hamaçekin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. 

Nazir nümayəndə heyətini salamlamış və Azərbaycan-Çexiya ikitərəfli münasibətlərinin yüksək səviyyədə olduğunu bildirmişdir. İki ölkə arasında əməkdaşlığın bir çox istiqamətlərdə, xüsusilə turizm, mədəniyyət, enerji, infrastruktur kimi sahələrdə genişləndirilməsi üçün geniş potensialın olduğunu vurğulamışdır. Nazir parlament diplomatiyasının əhəmiyyətini qeyd edərək, Çexiya-Azərbaycan Dostluq Qrupunun fəaliyyətinin və xüsusilə də bu səfərin bütövlükdə iki ölkə arasındakı münasibətlərin genişlənməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırmışdır. Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir Elmar Məmmədyarov münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini qeyd etmiş və Azərbaycanın ərazi bütövlüyünü dəstəklədəyinə görə Çexiyaya təşəkkürünü bildirmişdir. 
 
Qəbula görə təşəkkür edən Yan Hamaçek ölkəmizə səfər etməkdən məmnun olduqlarını və Azərbaycanın iqtisadi inkişaf tempindən təsirləndiyini bildirmişdir. O, ölkəsinin Azərbaycanı özünün strateji tərəfdaşı hesab etdiyini qeyd edərək, ölkəmizin Çexiyanın və bütövlükdə Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndirmişdir. İki ölkə arasında əməkdaşlığın turizm, mədəniyyət kimi sahələrdə genişləndirilməsi üçün geniş potensialın olduğunu qeyd etmişdir. Azərbaycan və Çexiya parlamentləri arasında təmasların artırılmasının vacibliyini vurğulamış və bu kimi səfərlərin ölkələr arasındakı münasibətlərə töhfə verdiyini diqqətə çatdırmışdır. 
 
Görüş zamanı həmçinin regional məsələlər, Azərbaycan-Avropa İttifaqı və Şərq Tərəfdaşlığı proqramı ətrafında da fikir mübadiləsi aparılmışdır. 
 
 
 
növbəti xəbər əvvəlki xəbər