2013-04-15
Nazir Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanı qəbul etmişdir
Cari ilin 15 aprel tarixində nazir Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Andrey Deşitsanın başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.
 
Görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, ATƏT-in fəaliyyətdə olan sədrinin Azərbaycana nəzərdə tutulmuş səfəri və ATƏT-in gündəliyində duran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. 
 
Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həllinin uzanmasının regionda davamlı sülh və sabitliyin bərqərar olmasına əsas əngəl olduğunu vurğulamış və münaqişənin həlli üçün əsas məsələ olan Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini diqqətə çatdırmışdır. Xarici işlər naziri Ermənistan siyasi rəhbərliyinin danışıqlar prosesində qeyri-konstruktiv mövqe tutduğunu bildirərək, ATƏT-in Minsk Qrupunun münaqişənin nizamlanması prosesində aktivliyinin artırılmasının vacibliyini qeyd etmişdir. 
 

Ermənistan tərəfinin Xocalı aeroportunun işə salınacağı ilə bağlı bəyanatlarına toxunan Elmar Məmmədyarov, qeyd etmişdir ki, belə bir addım Çikaqo Konvensiyasının kobud surətdə pozulması demək olardı və bütün beynəlxalq qanunvericilik Azərbaycanın bu məsələdə tutduğu mövqeyin haqlı olduğunu əks etdirir.  

növbəti xəbər əvvəlki xəbər