2012-12-27
Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə əlaqədar olaraq poçt markası buraxılmışdır
Azərbaycan ilə Misir arasında diplomatik əlaqələrin qurulmasının 20 illiyi ilə əlaqədar olaraq, ölkəmizin  Misirdəki Səfirliyinin təşəbbüsü ilə hər iki ölkənin Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tərəfindən birgə poçt markası buraxılmışdır.
 
Diplomatik əlaqələrin qurulmasının 20 illiyini rəmzləşdirmək məqsədi daşıyan birgə poçt markası bu ilin noyabr ayında Azərbaycana səfəri zamanı Misirin Rabitə və İnformasiya Texnologiyaları Naziri Həni Mahmud və Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov tərəfindən imzalanmışdır.  
 
İki ölkə arasındakı diplomatik əlaqələrin 20 illik dövrü əhatə etməsinə baxmayaraq, xalqlarımız arasındakı əlaqələrin dərin tarixi köklərə malik olduğunu bir daha nümayiş etdirmək üçün birgə poçt markasında Qız Qalası, İçəri şəhər, Misir Ehramları, Sfinks, Qobustan divar rəsmiləri və Misir heroqliflərinin şəkil elementləri öz əksini tapmışdır. 
 
Birgə poçt markası hər iki dövlətin poçt rabitə xidmətində rəsmi dövriyyə statusuna malikdir.  

 

növbəti xəbər əvvəlki xəbər