2012-12-27
Qahirə şəhərində “Azərbaycan-Misir Dostluq Cəmiyyəti”nin təsisat iclası keçirilmişdir
Cari ilin 26 dekabr tarixində Qahirə şəhərində “Azərbaycan-Misir Dostluq Cəmiyyəti”nin təsisat iclası keçirilmişdir. 
 
Misirdə rəsmi dövlət qeydiyyatından keçən bu təşkilatın sədri Misirin sabiq Xarici işlər naziri Məhəmməd Orabi seçilmişdir. Tərkibinə Misirin aparıcı qəzetlərinin redaktorları, jurnalistlər, ictimai-siyasi xadimlər, elm adamları, universitet professorları və işgüzar dairələrin nümayəndələrinin daxil olduğu təşkilat elm, təhsil, mədəniyyət, iqtisadiyyat, turizm kimi sahələrdə fəaliyyət göstərərək, ictimai səviyyədə Azərbaycan-Misir əlaqələrinin inkişafını dəstəkləməyi qarşısına məqsəd qoymuşdur.  
 
Tədbirdə çıxış edən Məhəmməd Orabi “Azərbaycan-Misir Dostluq Cəmiyyəti”nə sədrlik etməkdən şərəf duyduğunu qeyd edərək, böyük sevgi və rəğbət bəslədiyi Azərbaycan ilə Misir arasında dostluğun və qardaşlığın daha da dərinləşməsinə var gücü ilə töhfə verəcəyini vurğulamışdır.  
 
Təşkilatın idarə heyətinin üzvü və Misirin “Cümhuriyyə” qəzetinin redaktor müavini Məhəmməd İsmayıl xalqlarımız arasında olan dostluğu və yaxınlığı daha da dərinləşdirmək üçün “xalq diplomatiyası” sahəsində səylərini əsirgəməyəcəklərini demişdir. 
 
Səfir Şahin Abdullayev Azərbaycanın misirli dostlarının bu təşəbbüsünü yüksək qiymətləndirdiyini qeyd edərək, dərin tarixi köklərə malik olan Azərbaycan-Misir dostluğunun bütün sahələrdə inkişaf etdirilməsi üçün Azərbaycan Respublikasının Misirdəki Səfirliyinin təşkilata bütün lazımı dəstək göstərəcəyini bildirmiş və ictimaiyyətin də səylərini səfərbər edərək, iki ölkə arasında elm-təhsil, mədəniyyət və iqtisadiyyat sahəsində əməkdaşlığın artırılmasının vacibliyini diqqətə çatdırmışdır.
 
 “Azərbaycan-Misir Dostluq Cəmiyyəti”nin təsisat iclası Misir mətbuatında geniş şəkildə işıqlandırılmışdır. 

 

növbəti xəbər əvvəlki xəbər