2012-12-27
Azərbaycanın BƏƏ-nin Dubay şəhərindəki Baş konsulu Umm Əl-Quveyn Əmirliyinin vəliəhdi tərəfindən qəbul edilmişdir
Cari ilin 25 dekabr tarixində Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərindəki Baş konsulu Pərviz İsmayılzadə Umm Əl-Quveyn Əmirliyinin vəliəhdi şeyx Raşid bin Səud Əl-Müəlla tərəfindən qəbul edilmişdir.
 
Görüş zamanı Pərviz İsmayılzadə Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdıraraq, fəaliyyəti dövründə dost və qardaş ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə səy göstərəcəyini bildirmişdir.
 
Raşid Əl-Müəlla Azərbaycan Respublikasının Dubay Əmirliyində Baş Konsulluğunun təsis edilməsini yüksək qiymətləndirərək, bu addımın Azərbaycanla BƏƏ arasında əlaqələrin uğurlu inkişafına böyük təkan verəcəyindən əminliyini ifadə etmiş və Baş Konsula gələcək fəaliyyətində uğurlar arzulamışdır.
 
Respublikamızın BƏƏ-nin bütün əmirlikləri, o cümlədən Umm Əl-Quveyn Əmirliyi ilə ikitərəfli əlaqələrin qurulmasına böyük önəm verdiyini bəyan edən Pərviz İsmayılzadə bu istiqamətdə səfər mübadilələrinin, sərgi, biznes forum və digər tədbirlərin təşkilinin zəruriliyini vurğulamışdır.
 
Raşid Əl-Müəlla öz növbəsində Umm Əl-Quveyn Əmirliyinin iqtisadiyyatında turizm, ticarət və otelçilik sektorlarının prioritet sahələr olduğunu diqqətə çatdıraraq, hər iki ölkənin iş adamları tərəfindən sözügedən sahələrə qarşılıqlı sərmayə yatırımlarının həyata keçirilməsi təklifi ilə çıxış etmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunmuşdur. 

növbəti xəbər əvvəlki xəbər