2012-12-24
BMT-nin BA-da Azərbaycan Respublikası Hökumətinin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı vasitəsilə rabitəliliyin yaradılması” adlı qətnamə qəbul edilmişdir
Cari ilin 21 dekabr tarixində BMT-nin Baş Assembleyasında Azərbaycan Respublikası Hökumətinin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) vasitəsilə rabitəliliyin yaradılması” adlı qətnamə yekdilliklə qəbul edilmişdir.
 
TASİM layihəsinin reallaşdırılmasına dəstək vermək məqsədilə Azərbaycan tərəfindən irəli sürülmüş qətnamə geniş Avrasiya regionunda “rəqəmsal uçurum”un aradan qaldırılması üçün müvafiq telekommunikasiya infrastrukturunun inkişaf etdirilməsini və özəl və dövlət sektorları arasında əməkdaşlığın möhkəmləndirilməsini nəzərdə tutur.
 
Qətnamədə həmçinin, regionda telekommunikasiya tranzit yollarının inkişafına töhfə vermək məqsədilə hökumətlər, özəl sektor, vətəndaş cəmiyyəti və beynəlxalq inkişaf institutları arasında əlaqələndirmənin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Hökumətinin irəli sürdüyü Avrasiya Rabitəlilik Alyansının təsis edilməsi təklifi öz əksini tapmışdır.    
 
Aparılan işlər nəticəsində TASİM təşəbbüsü müxtəlif regionlar tərəfindən dəstəklənmiş və BMT-nin bir sıra nüfuzlu ölkələri ona həmmüəllif kimi qoşulmuşlar. Onların sırasında ABŞ, Avstraliya, Belarus, Çin, Əfqanıstan, Gürcüstan, Hindistan, İsrail, İraq, Kanada, Koreya Respublikası, Küveyt, Livan, Qazaxıstan, Mərakeş, Moldova, Özbəkistan, Pakistan, Rusiya Federasiyası, Şri Lanka, Tanzaniya, Türkiyə, Ukrayna, Yaponiya, Yeni Zelandiya və digərləri xüsusilə qeyd oluna bilər.   

növbəti xəbər əvvəlki xəbər