2012-12-21
Azərbaycan və Türkiyə Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir
Cari ilin 21 dekabr tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası və Türkiyə Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir. Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirinin müavini Xələf Xələfov, Türkiyə nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirinin müavini Fatih Ceylan başçılıq etmişdir.
 
Görüş zamanı iki ölkə arasında bütün sahələri əhatə edən münasibətlərin hazırkı vəziyyətindən, Yüksək Strateji Əməkdaşlıq Şurası çərçivəsində imzalanmış sənədlərin müddəalarının tələb etdiyi məsələlərin həyata keçirilməsində qarşıya qoyulmuş tapşırıqlar müzakirə edilmişdir. Həmçinin, Türkiyə ilə Azərbaycan arasında regional münasibətlərlə yanaşı, beynəlxalq çərçivədə əməkdaşlığın mühümlüyü vurğulanmış, diaspor təşkilatlarının birgə fəaliyyəti üçün ortaq mexanizmlərin olmasının vacibliyi qeyd edilmişdir. İkitərəfli münasibətlərin ümumi səviyyəsindən məmnunluq ifadə edilməklə yanaşı, bunun daha dinamik şəkildə reallaşdırılması yollarına toxunulmuşdur. 
 
Nazir müavini Xələf Xələfov Azərbaycan ilə Türkiyə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmiş və iki ölkənin maraqlarının bütün sahələrdə üst-üstə düşdüyünü bildirmiş, nəinki regionda, həmçinin beynəlxalq səviyyədə birgə fəaliyyətin məhsuldar nəticələrinin olduğunu xatırlatmışdır. Bununla yanaşı Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində Türkiyənin dəstəyinin əhəmiyyətini vurğulayaraq, bunun davam etdirilməsinin regionda sülhün bərqərar olmasına xidmət etməklə yanaşı, status-kvonun dəyişdirilməsinə birbaşa təsir edəcəyini bildirmişdir. ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlarda Ermənistanın destruktiv mövqeyini qeyd etmişdir. Türkiyənin Ermənistanla sərhədlərinin münaqişənin həll olunmayana qədər açmayacağına dair yüksək səviyyədə bəyanatlarını məmnunluqla xatırladaraq, buna ictimaiyyətin olduqca həssas yanaşdığını söyləmişdir.
 
Nazir müavini Xələf Xələfov və Türkiyəli həmkarı Azərbaycanın təşəbbüsü və iştirakı ilə regionda həyata keçirilən enerji, nəqliyyat layihələri ətrafında fikir mübadiləsi aparmışdır. Nazir müavini Xələf Xələfov regionda stabilliyin və davamlı inkişafın təmin olunmasında başlıca maneənin Ermənistan-Azərbaycan münaqişəsi olduğunu göstərmişdir. Azərbaycanın hazırda siyasi, iqtisadi, beynəlxalq institutlar çərçivəsində güclü bir dövlət olduğunu, regional layihələrin həyata keçirilməsində başlıca rol oynadığını qeyd etmiş, Ermənistanın işğalçı siyasətinin rəsmi Yerevanın bütün regional layihələrdən təcrid olunduğuna gətirib çıxardığını bildirmişdir. Ermənistan hərbi qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından qeyd-şərtsiz çıxarılmasının zəruriliyini vurğulamışdır. 
 
Həmçinin, görüşdə qarşılıqlı maraq kəsb edən  regional və beynəlxalq məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.
 
 
 
 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər