2012-12-21
YUNESKO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitəsində işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında sənəd qəbul edilmişdir
Azərbaycan Respublikasının YUNESKO yanında Daimi Nümayəndəliyindən verilən məlumata əsasən, cari ilin 21 dekabr tarixində Parisdə keçirilən YUNESKO-nun silahlı münaqişələr zamanı mədəni mülkiyyətin qorunması üzrə Komitənin (Komitə) yeddinci sessiyasında Azərbaycanın təşəbbüsü ilə işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında qərar qəbul edilmişdir. 
 
Sözügedən qərarda işğal edən dövlətlər tərəfindən işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması haqqında hesabatın verilməsi öhdəliyi və işğal edilmiş ərazilərə texniki missiyalarının göndərilməsi imkanı əks olunmuşdur.
 
Bununla yanaşı, qərara əsasən təşkilatın Katibliyi gələn il Komitəyə təqdim edilməsi üçün işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması ilə bağlı Haaqa Konvensiyası və onun ikinci protokolunda əks olunan müvafiq müddəalarının həyata keçirilməsi ilə bağlı ətraflı sənəd hazırlamalıdır. 
 
Bu sənədin Komitədə qəbul edilməsilə Azərbaycan işğal edilmiş ərazilərdə mədəni mülkiyyətin qorunması məsələlərinin daha da geniş müzakirə edilməsi və müəyyən mexanizmlərin qəbul edilməsi üçün bünövrə yaratmışdır. Qeyd edilməlidir ki, bu qərarın Ermənistan və onu dəstəkləyən bir sıra Komitə üzvləri tərəfindən etirazla qarşılanmasına baxmayaraq, Komitənin əksər üzvləri Azərbaycanın təşəbbüsünü bəyənmiş və bununla bağlı gələcək addımların atılmasını dəstəkləmişlər.    
 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər