2012-12-21
Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov Braziliya parlamentinin deputatlar palatasının beynəlxalq əlaqələr və milli müdafiə komissiyasının sədri ilə görüşmüşdür
Cari ilin 19 dekabr tarixində Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfiri Elnur Sultanov Braziliya parlamentinin deputatlar palatasının beynəlxalq əlaqələr və milli müdafiə komissiyasının sədri xanım Perpetua Almeyda ilə görüşmüşdür.
 
Səfir Elnur Sultanov Azərbaycan-Braziliya əlaqələrinin hazırki durumu və perspektivləri barədə məlumat verərək, hər iki ölkənin parlamentləri arasında əməkdaşlığın təşviq edilməsinin əhəmiyyətini bildirmiş və parlamentarilərin qarşılıqlı səfərlərin təşkil edilməsini təklif etmişdir.
 
Komissiyanın sədri xanım Perpetua Almeyda ikitərəfli əlaqələrin potensialını qeyd edərək, parlamentlərarası əməkdaşlıq sahəsində marağını ifadə etmiş və ikitərəfli görüşlərin təşkil edilməsinin zəruriliyini bildirmişdir.
 
Səfir Elnur Sultanov xanım Perpetua Almeydaya Azərbaycanda həyata keçirilən islahatlar və əldə olunmuş nailiyyətlər, Azərbaycanın iştirakı ilə həyata keçirilən regional enerji, nəqliyyat, infrastruktur layihələr, habelə ölkəmizin mədəniyyətlər və dinlər arası dialoqunda oynadığı rol barədə ətraflı məlumat vermişdir. Elnur Sultanov Braziliyalı rəsmiyə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi tərəfindən hazırlanmış və Səfirliyin portuqal dilində dərc etdirdiyi “Azərbaycan Avrasiyanın mərkəzində” başlığı altında nəşri təqdim etmişdir. 

   

 

 

 

 

 

 

 

 

növbəti xəbər əvvəlki xəbər