2012-12-20
Aşqabadda Xəzər dənizinin hüquqi statusu haqda Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupun 31-ci iclası keçirilmişdir
Cari ilin 17-18 dekabr tarixlərində Aşqabad şəhərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzər dənizinin hüquqi statusu haqda Konvensiyanın hazırlanması üzrə Xüsusi işçi qrupun 31-ci iclası keçirilmişdir.
 
İclasda Azərbaycan Respublikasından Xələf Xələfovun,  İran İslam Respublikasından Mohamməd Mehdi Axundzadənin, Qazaxıstan Respublikasından Zülfiyyə Amanjolavanın, Rusiya Federasiyasından İqor Bratçikovun, Türkmənistan Respublikasından isə Murad Atacanovun başçılıq etdiyi nümayəndə heyətləri iştirak etmişlər. İclasa Türkmənistan Prezidenti yanında Xəzər məsələləri üzrə Dövlət müəssisəsinin sədri Murad Atacanov sədrlik edirdi.
 
Tədbiri giriş sözü ilə Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov açmışdır. Türkmənistanın xarici işlər naziri Xüsusi işçi qrupun işini müsbət qiymətləndirərək, Xəzərin hüquqi statusu ilə bağlı Xəzəryanı dövlətlər tərəfindən aparılan danışıqlarda, həmçinin, Xəzər dənizində müxtəlif növ fəaliyyət üzrə saziş layihələri ilə bağlı aparılan işdə əldə olunan irəliləməni qeyd etmişdir.
 
İşgüzar və dostluq mühitində keçən iclasda nümayəndə heyətlərinin rəhbərləri tərəfindən Xəzərdə müxtəlif aspektlər üzrə əməkdaşlıq və hüquqi status məsələləri haqda Xəzəryanı dövlətlərin mövqeləri bildirilmişdir.
 
Nümayəndə heyətləri qarşılıqlı anlaşma şəraitində Xəzərin hüquqi statusu haqda Konvensiyanın razılaşdırılmamış müddəaları üzrə fikir mübadiləsi aparmışlar. Müddəalardan bəziləri ilə bağlı yeni formullar təklif edilmişdir.
 
Tərəflər Xəzər dənizinin hüquqi statusunun müxtəlif aspektlərinin müzakirəsinə müsbət töhfə verən Xüsusi işçi qrupun 31-ci iclasının nəticələrini müsbət qiymətləndirmiş və bu istiqamətdə işin aktivləşdirilməsi haqda razılığa gəlmişlər.
 
Prosedur qaydalarına uyğun olaraq Xüsusi işçi qrupun növbəti 32-ci iclası İran İslam Respublikasında keçiriləcəkdir. Tərəflər ay ərzində diplomatik kanallar vasitəsi ilə nöbvəti iclasın keçirilmə tarixini müəyyənləşdiriləcəyini bildirmişlər.

 

növbəti xəbər əvvəlki xəbər